CƏMİYYƏT


Azərbaycanın Baş Prokurorluğu "SolovyovLive" verilişində ölkəmiz əleyhinə fikirlər səsləndirən şəxslərlə bağlı Rusiyanın müvafiq qurumuna müraciət edib

Bakı, 20 noyabr, AZƏRTAC

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində "WarGonzo" layihəsinin müəllifi, Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun "SolovyovLive" verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru, Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla "Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi" mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq, Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələri müəyyənləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Semyon Peqovun və Semyon Baqdasarovun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar), 283.2.1-ci (zor tətbiq etmə hədəsi ilə milli düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar kütləvi informasiya vasitələrindən istifadə edilməklə törədildikdə) maddələrinin əlamətləri mövcud olduğundan toplanmış materiallar Baş Prokurorluğunun İstintaq idarəsində Semyon Peqovun Azərbaycan Respublikasının dövlət sərhədini sənədlər olmadan qanunsuz keçməsi, ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsi faktına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə olunmaqla istintaq yolu ilə araşdırılması davam etdirilir.

Göstərilən xüsusatlarla əlaqədar cinayət işinin istintaqı çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər ölkələrin hüquq-mühafizə orqanlarına hüquqi yardımın göstərilməsi haqqında rəsmi vəsatətlər göndərilməklə, Semyon Peqov və digərləri ilə bağlı zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş olunub.

Vəsatətlərin icra edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən həmkarlarla daimi əlaqə saxlanılmaqla, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.