SİYASƏT


Azərbaycanın Baş naziri Novruz Məmmədov qazaxıstanlı həmkarı Bakıtjan Saqintayevlə görüşüb VİDEO

Astana, 2 noyabr, AZƏRTAC

Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəlib. Səfər çərçivəsində Baş nazir Novruz Məmmədovun noyabrın 2-də qazaxıstanlı həmkarı Bakıtjan Saqintayevlə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı, aktual regional və beynəlxalq məsələlər müzakirə edilib.

Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev bildirib ki, MDB Hökumət Başçıları Şurası regional və beynəlxalq məsələlərin müzakirəsi üçün əlverişli əməkdaşlıq platforması olmaqla yanaşı, müasir dövrün çağırışlarına uyğun birgə tədbirlərin həyata keçirilməsinə də öz töhfəsini verir.

Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bunun üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkələrimizi tarixi dostluq, qardaşlıq telləri bağlayır. Xalqlarımız eyni köklərə, mədəniyyət və mənəviyyata malikdir. Azərbaycan ilə Qazaxıstanın strateji tərəfdaşlar olduğunu bildirən Baş nazir Novruz Məmmədov deyib: “Bizim ölkələrin liderləri - ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev hələ Sovet dövründə iki dost, qardaş xalqın rəhbərləri kimi sıx əməkdaşlıq şəraitində çalışıblar. Bu ənənələr müstəqillik illərində daha da inkişaf etdirilib. Azərbaycan Prezidenti İlham Əliyev də Qazaxıstanla ikitərəfli faydalı əməkdaşlığı xarici siyasətimizin prioritetləri sırasında hər zaman vurğulayıb”.

Görüşdə bildirilib ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkə bu tranzit xəttin imkanlarından maksimum dərəcədə faydalanmaqda maraqlıdır. Baş nazirlər bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Yeni Bakı Beynəlxalq Dəniz Limanının, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətlərinin və Kurık dəniz limanının əhəmiyyətini qeyd ediblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.