CƏMİYYƏT


Azərbaycanın Baş prokuroru Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri ilə görüşüb

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları səmimiyyətlə salamlayan Baş prokuror Kamran Əliyev Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, müxtəlif istiqamətlərdə, o cümlədən insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmini vurğulayıb.

Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış idarələrin, o cümlədən Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirmə idarələrinin fəaliyyət istiqamətləri barədə məlumat verib, bu sahədə Avropa Şurasının uğurlu təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Ölkəmizlə bağlı xoş təəssüratlarından danışan Xristos Cakumopulos Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri qismində Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların Avropa Şurası tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirib.

X.Cakumopulos Avropa Şurası ekspertlərinin azərbaycanlı həmkarları ilə bundan sonra da sıx qarşılıqlı əməkdaşlıq şəraitində işləmək niyyətini ifadə edərək, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib.

Söhbət zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının ölkəmizdə icra vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyeş də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.