SİYASƏT


Azərbaycanın Baş prokuroru: Düşmən mülki şəxsləri hədəfə almaqla döyüş meydanındakı uğursuzluqlarına don geyindirmək istəyir

Bakı, 5 oktyabr, AZƏRTAC

Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbəri” Araik Arutunyan və digərlərinin cəzalandırılması üçün lazımi addımlar həyata keçirilir. Düşmən mülki şəxsləri hədəfə almaqla döyüş meydanındakı uğursuzluqlarına don geyindirmək istəyir. Onların məqsədi Azərbaycanın dinc əhalisini qorxutmaqdır. Lakin sizi əmin edirəm ki, bunların heç biri alınmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 5–də Baş Prokurorluqda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə məlumat verib.

Baş prokuror bildirib ki, toqquşmalar artıq yeni fazaya keçib. Ermənistanın kriminal hərbi-siyasi rejimi müharibə aparmağın bütün qaydalarını pozaraq çox təhlükəli addımlar atır. Dünən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan ordusunun artilleriya atəşinə məruz qalıb. Mülki əhaliyə külli miqdarda ziyan dəyib. Düşmən bu təhlükəli addımı bu gün də davam etdirib. Ermənistanın və qondarma “rejim”in rəhbərliyinin göstərişi ilə Mingəçevir şəhəri də düşmənin hücumuna məruz qalıb. Azərbaycan Ordusunun peşəkarlığı sayəsində bu addımların qarşısı alınıb.

Abşeron və Xızı rayonlarının da Ermənistan ordusu tərəfindən raket zərbələrinə məruz qaldığını vurğulayan Baş prokuror deyib ki, qondarma “rejim”in rəhbəri Araik Arutunyan Azərbaycana qarşı bu addımları ilə fəxr edir, bu barədə sosial şəbəkə hesablarında paylaşım edir. Cinayətkar rejim müharibə qaydalarını pozur. Münaqişə zonasından kənarda dinc Azərbaycan əhalisinin yaşadığı şəhər və rayonlara hücumlar dayandırılmalıdır. Bu, bizim tələbimizdir. Bu hücumlar yolverilməzdir. Ancaq ağlını itirmiş şəxslər, ağlını itirmiş rəhbərlik belə göstəriş verə bilər. İndicə aldığımız məlumata görə, Ağcabədinin mərkəzi də ermənilər tərəfindən hücuma məruz qalıb. Prokurorluq əməkdaşları hadisə yerində lazımi işləri görürlər.

Ermənistan silahlı birləşmələri hərbi hədəfli obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı ərazilərin və məntəqələrin ağır artilleriyadan atəşə tutularaq dinc əhaliyə qarşı cinayətlərin törədilməsinə görə Ermənistanın və işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejiminin kriminal hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Ermənistanın məqsədi siyasi xarakter daşıyır və digər ölkələrin bu münaqişəyə cəlb edilməsidir. Eyni zamanda, Qarabağ bölgəsində yaradılmış qondarma rejimin kriminal hərbi-siyasi rəhbərliyinin Qarabağda uğursuzluqlarına bu ölkənin cəmiyyətinin diqqətini yayındırmaqdır. Eləcə də Azərbaycanın dinc əhalisini qorxutmaqla onların yaşadıqları yerləri tərk etməyə vadar etməkdir.

Kamran Əliyev vurğulayıb ki, Ermənistan tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulmaqla əsasən dinc əhalinin sıx yaşadığı ərazilər, xəstəxanalar, məktəblər, uşaq evləri ağır artilleriyadan atəşə tutularaq mülki infrastruktura külli miqdarda ziyan vurulur. Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Baş prokuror əlavə edib ki, mülki əhaliyə qarşı törədilən cinayətlərin hamısı sənədləşdirilir. Hadisə yerindən olan maddi sübutlar götürülür, ziyanın məbləği müəyyənləşdirilir. Bütün sübutlar toplandıqdan sonra beynəlxalq hüquq normalarının bütün imkan vasitələrindən istifadə edilərək Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərinin və digərlərinin Azərbaycan qanunları çərçivəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi addımlar atılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.