SİYASƏT


Azərbaycanın Baş prokuroru Ermənistan ordusunun Gəncə şəhərini atəşə tutması ilə bağlı bəyanat verib

Bakı, 4 oktyabr, AZƏRTAC 

Məlum olduğu kimi, sentyabrın 27-dən Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı başlanmış təcavüz davam edir. Azərbaycan Ordusu tərəfindən əks tərəfə tutarlı cavablar verilməklə mühüm yaşayış məntəqələri və strateji yüksəkliklər azad olunub.

Buna cavab olaraq qondarma “Dağlıq Qarabağ respublikasının prezidenti” Arayik Arutunyanın tapşırığı əsasında oktyabrın 4-də saat 10 radələrində Cenevrə Konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin bəyanatında yer alıb.

Bəyanatda vurğulanıb ki, əldə olunan məlumata əsasən, Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.

İlkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə Konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb. Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci, 100.2-ci (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1-ci, 116.0.6-cı, 116.0.7-ci, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1-ci, 120.2.4-cü, 120.2.12-ci (Qəsdən adam öldürmə), 186.3-cü (Əmlakı qəsdən məhv etmə), 214.2.1-ci, 214.2.3-cü (Terrorçuluq), 218.3-cü (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

“Bəyan edirəm ki, “Dağlıq Qarabağ respublikasının prezidenti” Arayik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir. Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək.

Tərəfimdən bir daha bəyan edirəm ki, təxribat xarakter daşıyan cinayət əməllərin, döyüş bölgəsinə aid olmayan yaşayış məntəqələrinin, şəhərlərin, o cümlədən mülki infrastruktur obyektlərinin Ermənistan tərəfindən atəşə tutulması dərhal dayandırılmalıdır”, - deyə Baş prokuror Kamran Əliyevin bəyanatında qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.