CƏMİYYƏT


Azərbaycanın Baş prokuroru Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu qardaş ölkənin Azərbaycandakı səfiri Erkan Özoral və Türkiyənin müxtəlif siyasi partiyalarını və bölgələrini təmsil edən deputatlardan ibarət nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları səmimi salamlayan Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini vurğulayaraq, bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi qeyd edib.

Baş prokuror Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin bölgədə sabitləşdirici amilə çevrilməsi nəticəsində region və dünya üçün böyük əhəmiyyət daşıyan enerji, nəqliyyat layihələrinin həyata keçirildiyini qeyd edərək bu uğurların təməlində iki ölkə arasında əsrlərboyu mövcud olan dostluq və qardaşlıq münasibətlərinin dayandığını diqqətə çatdırıb.

Baş prokuror sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verərək bildirib ki, Türkiyə Respublikasının rəhbərliyi və xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərib.

Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə “Skad” və “Smerç” tipli raketlərdən Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə və əhalinin sıx yaşadığı digər iri şəhərlərinin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Mingəçevir SES, Oğuz-Qəbələ-Bakı su kəmərinin atəşə məruz qalması barədə məlumat verilərək bunun Ermənistanın terrorçu təfəkkürünün təzahürü olduğu vurğulanıb.

Kamran Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin beynəlxalq səviyyədə qadağan edilmiş raket qurğusundan Azərbaycanın mülki dinc əhalisinin atəşə tutulması nəticəsində ümumilikdə 93 nəfər həlak olub, 410 nəfər yaralanıb, 3410 evə, 120 çoxmərtəbəli binaya və 512 mülki infrastruktur obyektinə külli miqdarda ziyan dəyib.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin dünya terror tarixində həmişə ön sırada olan “ASALA” və “PKK-PYD-YPG” terror təşkilatlarına aid bir qrup şəxslərin iştirak etmələri müəyyənləşdirilib. Həmin şəxslərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işləri başlanıb

Baş prokuror Türkiyənin Qarabağda ortaq sülhməramlı missiyada iştirakının Azərbaycan xalqı tərəfindən sevinclə qarşılandığını bildirərək, qardaş ölkənin bölgədə sülhün bərqərar olmasında xüsusi rolunun əhəmiyyətini qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Hakan Çavuşoğlu ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib.

Hakan Çavuşoğlu ölkələrimiz arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin ölkələrimizin rəhbərlərinin yürütdükləri uğurlu siyasət nəticəsində bu gün ən yüksək pilləyə qalxdığını və bu münasibətlərin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri bir millət, iki dövlət olaraq Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib və Azərbaycanı hər zaman olduğu kimi dəstəklədiyini xüsusi vurğulayıb.

Hakan Çavuşoğlu Ermənistan tərəfindən törədilmiş terror aktları nəticəsində həlak olan şəxslərə görə Türkiyə xalqının başsağlığını çatdıraraq, yaralanmış şəxslərə şəfa diləyib.

Qonaq Türkiyənin Qarabağda sülhməramlı missiyadan qürur duyduğunu və bu missiyanın davamlı sülhün bərqərar olmasına töhfə verəcəyini bildirib.

Hakan Çavuşoğlu səfərin məqsədlərindən söz açaraq bildirib ki, rəhbəri olduğu nümayəndə heyəti sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində münaqişə zonasından kənarda yerləşən bölgələrimizdə həlak olmuş və yaralanmış şəxslər, ziyan dəymiş evlər və mülki infrastruktur obyektləri ilə bağlı, həmçinin Birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş şəxslərin hüquqlarının pozulması və onlara dəymiş ziyanlarla bağlı hesabatlar hazırlayacaq.

Tədbirdə nümayəndə heyətinin digər üzvləri də çıxış edərək, Türkiyə xalqının daim Azərbaycanı dəstəklədiyini qeyd etməklə, missiyaları çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş cinayət hadisələri üzrə obyektiv həqiqəti dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdıracaqlarını vurğulayıblar.

Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli hüquqi əməkdaşlıq, ekstradisiya, hüquqi yardım və digər maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə faydalı fikir mübadiləsi aparılıb.

Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti mülki əhalimizə qarşı törədilmiş cinayətlərlə yerində tanış olmaq məqsədilə Gəncə şəhərinə yola düşüb.

Hazırda nümayəndə heyətinin səfəri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.