SİYASƏT
Azərbaycanın Batumidəki baş konsulluğu prezident seçkilərinə tam hazırdır
Tbilisi, 19 mart, AZƏRTAC
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Batumi şəhərindəki baş konsulluğunda seçki məntəqəsi yaradılıb. 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 41 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatıb.
Baş konsul Pərviz İsmayılzadə AZƏRTAC-a bildirib ki, məntəqədə konsulluğun əməkdaşları ilə yanaşı, Batumidə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Batumidə səfərdə olan və xidməti vəzifələrini icra edən Azərbaycan vətəndaşları səs verə biləcəklər.
Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi