SİYASƏT


Azərbaycanın Belarusdakı səfirliyində diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə görüş keçirilib

Minsk, 13 sentyabr, AZƏRTAC

Azərbaycanın Belarusdakı səfirliyində bu ölkədəki diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra səfir Ülvi Baxşəliyev çıxış edərək, diaspor nümayəndələrinin 44 günlük müharibə dövründə və ondan sonra göstərdikləri həssaslığa görə təşəkkürünü bildirib.

Diplomat BMT-nin 30 ilə yaxın müddətdə icra olunmayan 4 qətnaməsinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən yerinə yetirildiyini qeyd edib. Azərbaycanın 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü təmin və tarixi əzəli torpaqlarını erməni işğalından azad etdiyini bildirib.

Səfir diaspor təşkilatlarımızın Azərbaycan həqiqətlərinin Belarus ictimaiyyətinə çatdırılmasında daha aktiv fəaliyyət göstərmələrinin vacibliyinə toxunub.

Sonra Ülvi Baxşəliyev tədbir iştirakçılarına 44 günlük müharibə barədə və işğaldan azad olunmuş ərazilərimizdə sürətlə aparılan təmir bərpa işləri barədə məlumat verib. Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsinin, Bülbülün ev muzeyinin və digər mədəniyyət obyektlərinin bərpa olunduğunu, cəmi 8 ayda Füzulidə hava limanının istifadəyə verildiyini, Zəfər yolunun tikildiyini diqqətə çatdırıb.

Səfir Belarusun faşizmdən azad olunmasında iştirak edən azərbaycanlı döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi üçün diaspor nümayəndələrimizin də fəal olmalarının əhəmiyyətini vurğulayıb. Xüsusilə “Brest Qalası” tarix muzey kompleksində azərbaycanlı qəhrəmanların adlarının və şəkillərinin əlavə olunması üçün birgə səylərin göstərilməsinin vacibliyini qeyd edib. Diaspor nümayəndələri ilə səfirliyin regionlarda da mütəmadi olaraq görüşlərinin keçiriləcəyi bildirilib.

Daha sonra çıxış edən səfirliyin hərbi attaşesi Elşən Rəhimov Brest və digər regionlarda həyata keçirilən layihələr haqqında məlumat verib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.