SİYASƏT
Azərbaycanın Belarusdakı səfirliyində prezident seçkilərində səs vermək üçün hər cür şərait yaradılıb
Minsk, 19 mart, AZƏRTAC
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Belarusdakı səfirliyində seçki məntəqəsi yaradılıb.
Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 41 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatıb.
Məntəqədə səfirliyin əməkdaşları ilə yanaşı, Belarusda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Minskdə səfərdə olacaq və xidməti vəzifələrini icra edəcək vətəndaşlar səs verə biləcəklər.
Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk