SİYASƏT
Azərbaycanın Belçikadakı səfirliyində görüş olub
Brüssel, 8 noyabr, AZƏRTAC
Avropa Azərbaycanlıları Konqresinin (AAK) 15 illik yubileyi ərəfəsində tədbirlər planına əsasən daha bir görüş Azərbaycanın Belçikadakı səfirliyində olub.
Görüşdə səfir Fuad İsgəndərov AAK-ın Avropada gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd edib. O, bu işlərə görə AAK-ın rəhbəri Sahil Qasımovun “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edildiyini bildirib və medalı ona təqdim edib.
Sahil Qasımov göstərilən etimada görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib. O, Vətənə xidmət işinə hər zaman sadiq qalacağını, bu etimadı doğruldacağını görüləcək işlərlə sübut edəcəyini bildirib.
Görüşdə Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı iştirak ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel