İQTİSADİYYAT
Azərbaycanın Beynəlxalq Valyuta Fonduna ehtiyacı yoxdur
Fond Azərbaycandakı ofisinin bağlanması barədə qərar qəbul edib
Bakı, 18 may, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlamaq haqda qərar qəbul edib.
Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycanın Maliyyə Nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi kimi Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması, yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsidir.
Məktubda qeyd olunur ki, ofisin bağlanması BVF-nin Azərbaycanla əlaqələrini zəiflətməyəcək, Azərbaycanın inkişaf strategiyası ilə bağlı iqtisadi və maliyyə siyasətini müzakirə etmək üçün müntəzəm missiyalar təşkil edəcək, zərurət yarandıqda texniki yardım göstərəcək.
Qeyd edək ki, müstəqilliyinin ilk illərində iqtisadi sahədə də ciddi böhranlarla üz-üzə qalan Azərbaycan Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtisadi inkişaf dövrünə qədəm qoydu. Ümummilli Liderin neft strategiyası uzun zamana hesablanmış böyük siyasi addım idi və bu gün onun müsbət nəticələri özünü göstərməkdədir.
AZƏRTAC ölkəmizin iqtisadi inkişafı ilə bağlı bir sıra məqamlara nəzər salır.
Təsadüfi deyil ki, 2020-ci il üzrə “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü pillədə qərarlaşıb. Ümumi daxili məhsul (ÜDM) 3 dəfə artıb, Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə enib.
Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyədədir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çoxdur.
Dövlətimizin başçısı çıxışlarının birində bu uğurlardan danışaraq deyib: “İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bizim valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Yəni, bizim valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir”.
Son 20 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılıb. Beynəlxalq Valyuta Fondunun özünün statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir.
Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondu yaradılıb. Yarandığı vaxt aktivlərinin 270 milyon dollar təşkil etdiyi Fondun bu günə olan aktivlərinin həcmi ölkənin ümumi daxili məhsulunu üstələyir. Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir.
Pandemiya dövründə Azərbaycan tərəfindən fərdi qaydada 14 ölkəyə, eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərilib.
Bütün bunları nəzərə alaraq demək lazımdır ki, Azərbaycan artıq borc alan dövlətdən donor dövlətə çevrilib və beynəlxalq kredit təşkilatlarının maliyyə vəsaitlərinə ehtiyacı yoxdur. Cari ilin sonunadək Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı ofisinin bağlanması barədə qərar heç də təəccüblü deyil. Fondun bu qərarını Azərbaycanın artıq güclü iqtisadiyyata və böyük maliyyə ehtiyatına malik olması ilə izah edib. Əslində, bu qərar Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi böyük uğurların daha bir təsdiqidir.
Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdi. Bu gün heç bir beynəlxalq kredit təşkilatının yardımı olmadan Azərbaycan hökuməti işğal dövründə dağıdılmış yaşayış məntəqələrini öz gücü ilə bərpa edir. İşğaldan azad edilən ərazilərdə Füzuli və Zəngilan Beynəlxalq Hava limanları artıq istifadəyə verilib, Laçında Beynəlxalq Hava Limanının inşası isə davam edir. Qarabağda alternativ enerji istehsalı üçün stansiyalar yaradılır, yollar salınır, infrastruktur layihələri həyata keçirilir. Ümumilikdə Azərbaycan bu günədək Qarabağın bərpasına 9 milyard manata yaxın vəsait sərf edib.
Beynəlxalq Valyuta Fondunun 2021-ci il üzrə “Dünyanın iqtisadi məzənnəsi” adlı hesabatında göstərilib ki, Azərbaycanın ÜDM-i 2023-cü ildə 2,6 faiz proqnozlaşdırılır. Bu proqnoz ölkə iqtisadiyyatının inkişaf tempinin göstəricisidir. Ötən 2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6 faiz artaraq 133 milyard 825,8 milyon manat, qeyri-neft-qaz sektorunda isə 9,1 faiz artaraq 69 milyard 826 milyon manat təşkil edib. Qeyd edək ki, Dünya Bankının 2023-cü il üçün “Qlobal İqtisadi Perspektivlər” hesabatına əsasən, Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-in artım tempi müsbət olaraq qalır. 2023-cü ildə Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1.1 faiz, ECA regionu ilə müqayisədə isə 2.7 faiz daha yüksək olacaq. Bu inkişaf tempi onu deməyə əsas verir ki, artıq Azərbaycan orta yüksək gəlirli statuslu ölkələr sırasındadır və milli iqtisadi strategiyasını öz gücü və imkanları hesabına icra edir.
Bu gün Azərbaycan TANAP və TAP vasitəsilə Avropaya qaz ixrac edir, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi beynəlxalq iqtisadi layihələrin müəllifidir və bu layihələr Azərbaycan büdcəsinə valyuta axınını təmin edir. Gələcəkdə Zəngəzur dəhlizinin işə salınması Naxçıvan ilə Azərbaycanın digər regionlarının, eləcə də Türkiyə ilə Orta Asiya respublikalarının nəqliyyat baxımından birləşməsini təmin edəcək. Ümumilikdə isə Avropa ilə Asiyanı birləşdirəcək Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi olan Zəngəzur dəhlizi Azərbaycana həm iqtisadi, həm də siyasi dividend qazandıracaq. Milyardlarla dollar həcmində ticarət dövriyyəsi məhz bu dəhlizlə reallaşacaq ki, bu da ölkəmizə əlavə valyuta axınını təmin edəcək.
Yuxarıda deyilənləri nəzərə alaraq Azərbaycanın Beynəlxalq Valyuta Fondu kimi quruma ehtiyacının olmadığı və bunun Fond tərəfindən də başa düşüldüyü aydın olur.