SİYASƏT
Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 28-də ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov etimadnaməsini bu ölkənin Prezidenti Rumen Radevə təqdim edib.
AZƏRTAC xəbər verir ki, təqdimetmə mərasimindən sonra keçirilən təkbətək görüşdə səfir H.Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Prezidenti Rumen Radevə çatdırıb.
Səfir Azərbaycanın Bolqarıstanla əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyərək, iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət aparılacağını bildirib.
Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirən Bolqarıstan Prezidenti Rumen Radev onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib. Azərbaycanın Bolqarıstan üçün vacib tərəfdaş olduğunu qeyd edən Prezident Rumen Radev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti, qeyri-neft sektoru, kənd təsərrüfatı, nəqliyyat və yüksək informasiya texnologiyaları, habelə humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinin önəmi vurğulanıb.