MƏDƏNİYYƏT


Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada “Diplomatiya üçün incəsənət” layihəsində iştirak edib

Sofiya, 20 sentyabr, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bolqarıstanın istedadlı rəssamlarından olan Petya İlievanın birgə təşəbbüsü ilə Sofiyada “Diplomatiya üçün incəsənət” layihəsi həyata keçirilib. Layihədə Bolqarıstanda akkreditə olunan 30-a yaxın diplomatik nümayəndəlik iştirak edib.

AZƏRTAC xəbər verir ki, şəhər incəsənəti üslubunda olan “Diplomatiya üçün incəsənət” layihəsinin məqsədi müxtəlif ölkələrdən olan folklor motivlərini Bolqarıstan nümunələri ilə bir araya gətirərək onlar arasında bənzərlikləri nümayiş etdirməkdir. İlkin mərhələdə paytaxt Sofiyanın mərkəzi hissələrində yerləşən elektrik qutularının üzərində Bolqarıstan və hər iştirakçı ölkənin motivlərindən ibarət fotokollajlar yerləşdirilib.

Ölkəmizin çoxəsrlik xalçaçılıq ənənələrini nəzərə alaraq, səfirlik layihədə Qarabağ xalçaçılıq məktəbinin nümunəsi olan “Çələbi” xalçası ilə təmsil olunub. “Çələbi” xalçası və Bolqarıstan xalçaçılıq nümunəsindən ibarət fotokollaj şəhərin əsas meydanında - Bolqarıstan Elmlər Akademiyasının yanında qurulub.

Növbəti mərhələdə isə Bolqarıstanın Mədəniyyət Nazirliyinin “Sredetz” Qalereyasında həmin foto kollajlardan ibarət sərgi təşkil edilib. Sərgidə Bolqarıstan Mədəniyyət Nazirliyi, Baş Müftiliyi, digər dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfir Nərgiz Qurbanova Azərbaycanda xalçaçılığın qədim tarix və zəngin ənənələrə malik olduğunu vurğulayaraq ölkəmizdə coğrafi mövqe, rəng, dizayn, kompozisiya və digər xüsusiyyətlərə görə 7 xalçaçılıq məktəbinin mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, əsrlər boyu xalçaçılığın ölkəmizdə mədəniyyət və dekorativ tətbiqi sənətin vacib elementlərindən olduğu barədə məlumat verib. Səfir Azərbaycan xalçalarının keyfiyyət və bədii dəyərinə görə dünyada məşhur olduğunu və bu qədim sənətin bənzərsiz nümunələrinin bir çox məşhur dünya muzeylərində saxlanıldığını söyləyib.

Diplomat Azərbaycan xalçaçılıq sənətinin 2010-cu ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salındığını, dünyada ixtisaslaşmış ilk xalça muzeyinin 1967-ci ildə Azərbaycanda yaradıldığını qeyd edib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.