SİYASƏT
Azərbaycanın Bolqarıstandakı səfirliyi qadınların ictimai həyatda iştirakına dair təşəbbüsdə fəal iştirak edib
Sofiya, 8 mart, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfirliyi Böyük Britaniyanın bu ölkədəki səfirliyinin təşkilatçılığı və Bolqarıstanın vitse-prezidenti İliana İotovanın dəstəyi ilə keçirilən “Birgünlük səfir” adlı təşəbbüsdə fəal iştirak edib.
AZƏRTAC xəbər verir ki, ardıcıl ikinci ildir keçirilən və qadınların ictimai həyatda iştirakının təşviqinə yönələn bu təşəbbüs Bolqarıstanın müxtəlif regionlarından seçilən 13 istedadlı şagirdin hər birinin səfirlik və qeyri-hökumət təşkilatlarına təhkim edilməsini və beləliklə, onların ölkənin ictimai həyatında fəal iştirakının təmin olunmasını nəzərdə tutur.
Təşəbbüs çərçivəsində Azərbaycan səfirliyi üçün seçilən, Vidin şəhərində kompüter texnologiyaları üzrə təhsil alan Qerqana Qeorqiyeva üçün cari ilin fevral və mart aylarında bir sıra tədbirlər təşkil edilib. Belə ki, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Q.Qeorqiyeva ilə görüşüb, ona ölkəmiz, səfirliyin fəaliyyəti, dövlətlərimiz arasında əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib.
Səfirlik tərəfindən Q.Qeorqiyevanın iştirakı ilə Sofiya şəhərinin İzqrev rayonundakı 105 saylı orta məktəbdə dördüncü sinif şagirdləri üçün robot texnikası üzrə açıq dərs təşkil olunub. Dərs zamanı Q.Qeorqiyeva robot texnikası və onun tətbiq sahələri barədə şagirdlərə məlumat verib, bu dərs üçün xüsusi hazırlanmış robotu nümayiş etdirib. Daha sonra uşaqlarla Azərbaycan mövzusunda onlayn sual-cavab oyunu keçirilib.
Açıq dərsdə səfir Nərgiz Qurbanova, İzqrev rayonunun meri Tsvetomir Jekov və 105 saylı orta məktəbin direktoru Tsvetanka Kostadinova iştirak ediblər. Dərsin sonunda şagirdlərə Azərbaycanda geniş qeyd olunan Novruz bayramı haqqında ətraflı məlumat verilib və milli şirniyyatlar paylanıb.
Səfir N.Qurbanova və Q.Qeorqiyeva bu təşəbbüsün yekun tədbirində də iştirak ediblər. Tədbirdə bütün iştirakçılar bir araya gələrək təşəbbüs çərçivəsində görülmüş işlər, təşkil olunmuş fəaliyyətlər barədə məlumat veriblər. Şagirdlər qazandıqları təcrübədən danışıb, təəssüratlarını bölüşüblər. Sonra bütün şagirdlər sertifikatlarla təltif ediliblər.
Bolqarıstanın vitse-prezidenti İliana İotovanın, bu ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının rəhbər və təmsilçilərinin qatıldıqları tədbir yerli mətbuatda geniş işıqlandırılıb.
Qeyd edək ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi lap əvvəldən bu təşəbbüsə qoşulub. Ötən il Sofiyada təhsil alan Boyana Vuynova adlı tələbə bu təşəbbüs çərçivəsində Azərbaycan səfirliyinə təhkim olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya