CƏMİYYƏT
Azərbaycanın Bolqarıstandakı səfirliyindən xeyirxah təşəbbüs: ehtiyacı olan insanlara ərzaq bağlamaları verilib
Sofiya, 23 may, AZƏRTAC
Mübarək Ramazan ayı münasibətilə müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə ənənəvi olaraq iftar süfrəsi açan Azərbaycanın Bolqarıstandakı səfirliyi bu il yeni xeyriyyə fəaliyyəti təşkil edib.
AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı Bolqarıstan Hökumətinin qərarlarını nəzərə alan səfirlik bu dəfə sosial dəstək aksiyası keçirib. Aksiya çərçivəsində sosial müdafiəyə ehtiyacı olan şəxslər və aztəminatlı ailələrə üstünlük verilməklə, Bolqarıstanın müxtəlif regionlarında yaşayan müsəlman əhaliyə Ramazan sovqatı paylanılıb. Aksiya səfirlik və Bolqarıstan Müsəlmanlar Diyanəti Baş Müftiliyi tərəfindən birgə həyata keçirilib. Baş Müftilik Ramazan ayında ehtiyacı olan insanlara yardım etməyin xeyirxah təşəbbüs olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan həmrəylik siyasəti ilə İslam dünyasının vəhdətyaradıcı məkanı kimi bu dini tələbləri gerçəkdən bəşəri-humanist, mənəvi-əxlaqi dəyərlər kimi yaşadır. Belə təşəbbüslər nəinki İslam dininin ali dəyərlərinə sadiqliyi möhkəmləndirir, həm İslam coğrafiyası, həm də bütün dünyada insanların saflığa, şəfqət və mərhəmətə olan inamını gücləndirir.
Qeyd edək ki, xeyriyyə fəaliyyəti çərçivəsində Azərbaycan və Bolqarıstan bayraqlarının təsvirlərinin əksini tapdığı ərzaq bağlamaları ehtiyac sahiblərinə paylanılıb. Həssas təbəqənin ünvanları ziyarət olunmaqla, sovqatlar onlara birbaşa təqdim edilib. Aksiya yerli əhali tərəfindən rəğbətlə qarşılanıb və bu çətin zamanda təqdirəlayiq addım kimi qiymətləndirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya