İQTİSADİYYAT


Azərbaycanın “Braille Teach” startapı Parisdə keçirilən beynəlxalq müsabiqədə ikinci yeri tutub

Paris, 15 may, AZƏRTAC

Azərbaycanın “Braille Teach” startapı Parisdə keçirilən “Zhijiang Entrepreneur” Beynəlxalq Sahibkarlıq və İnnovasiya Müsabiqəsində ikinci yeri tutub.

AZƏRTAC xəbər verir ki, müsabiqədə Azərbaycanın “Braille Teach” startap komandasını Zərifə Mirzoyeva təmsil edib. Komandanın müsabiqəyə təqdim etdiyi cihaz görmə qabiliyyəti olmayan və ya məhdud görmə qabiliyyətli uşaqların Brayl əlifbasını bir çox dillərdə öyrənə bilməsi üçün icad edilib. “Braille Teach” startap cihazı 8 interaktiv və əyləncəli oyun vasitəsilə Brayl əlifbasını, rəqəmlərini və simvollarını öyrənməyə imkan yaradır. Bu cihaz hazırda Azərbaycan, ingilis, rus və alman dilində işləyir, həmçinin daha çox dildə proqramlaşdırıla bilər.

Qeyd edək ki, Paris müsabiqəsinin qalib komandası noyabr ayında Çinin Zhijiang şəhərində keçiriləcək “Zhijiang Entrepreneur”un böyük finalına vəsiqə qazanır. Böyük finalın qalib komandasına 50 min yuan (RMB) maliyyə və digər dəstəklər veriləcək.

“Zhijiang Entrepreneur” Beynəlxalq Sahibkarlıq və İnnovasiya Müsabiqəsi dünyanın ən yenilikçi sahibkarlarını bir araya gətirmək və onların ən yaxşısını təşviq etmək üçün bir arenadır. Bu müsabiqə ilə Zhijiang dünyanın istedadlarını cəlb etməklə beynəlxalq innovasiya mərkəzinə çevrilmək istəyir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.