SİYASƏT
Azərbaycanın Braziliyadakı səfirinə Rio-de-Janeyro şəhərinin fəxri vətəndaşı diplomu təqdim edilib
Bakı, 21 noyabr, AZƏRTAC
Rio-de-Janeyro Şəhər şurasının binasında Azərbaycan və Braziliyanın Rio-de-Janeyro şəhəri arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanova Rio-de-Janeyro şəhərinin fəxri vətəndaşı adının verilməsi ilə bağlı təltifetmə mərasimi keçirilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Məsələyə dair qanun layihəsinin müəllifi, Şəhər şurasının üzvü Joao Rikardo Ribas tədbirdə çıxış edərək Azərbaycan ilə Rio-de-Janeyro şəhəri arasında əlaqələrin inkişafında göstərdiyi səylərə görə səfir E.Sultanova təşəkkürünü bildirib. J.Ribas səfirliyin təşəbbüsü ilə Rio-de-Janeyroda müxtəlif layihələrin uğurla həyata keçirildiyini, Azərbaycanın bu şəhərdə tanıdılması istiqamətində mühüm iş aparıldığını və bu tədbirlərin ikitərəfli münasibətlərin genişlənməsinə yönəldiyini diqqətə çatdırıb. Azərbaycana səfərini xatırladan Joao Rikardo Ribas ölkəmiz ilə bağlı xoş təəssüratlarını bölüşüb və Azərbaycana valeh olduğunu qeyd edib.
Rio-de-Janeyro Şəhər şurasına minnətdarlığını ifadə edən səfir E.Sultanov ona bu adın verilməsindən şərəf hissi duyduğunu bildirib, bunu Azərbaycana olan hörmətin təcəssümü, Azərbaycan və Braziliya, həmçinin qardaşlaşmış şəhərlər olan Bakı və Rio-de-Janeyro arasındakı dostluğun rəmzi kimi qiymətləndirib.
Sonra səfir Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət barədə ətraflı məlumat verib. Diplomat ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrindən, Azərbaycanın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdən, həmçinin Azərbaycan-Braziliya əlaqələrindən geniş söhbət açıb.
Bununla yanaşı, səfir E.Sultanov Bakı və Rio-de-Janeyronun qardaşlaşmasının, həmçinin Rio-de-Janeyroda Azərbaycan adına bələdiyyə məktəbinin fəaliyyət göstərməsinin iki ölkə arasındakı dostluğun bariz nümunələri olduğunu vurğulayıb.
E.Sultanov Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü haqqında da danışıb.
Sonra səfir E.Sultanov Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrlərini Şəhər şurasına hədiyyə edib.
Sonda J.Ribas Rio-de-Janeyro şəhərinin fəxri vətəndaşı diplomunu səfir E.Sultanova təqdim edib.