SİYASƏT
Azərbaycanın Braziliyadakı səfirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onlayn mühazirəsi olub
Bakı, 30 oktyabr, AZƏRTAC
Braziliyanın Parana əyalətinin “İSEPE” Universitetində siyasi elmlər namizədi, Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis Joao Xavierin təşkilatçılığı ilə səfir Elxan Poluxovun “Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr – beynəlxalq qanunvericilik” mövzusunda onlayn mühazirəsi olub.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, “Facebook” vasitəsilə yayımlanan mühazirəyə universitetin çoxsaylı müəllim və tələbələri və digər iştirakçılar qatılıb, səfirin təqdimatı ilə tanış olublar. Çıxışında E.Poluxov münaqişənin tarixi, hazırkı vəziyyəti, Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində törədilən erməni vəhşilikləri, erməni terrorçularının Azərbaycana və Türkiyəyə qarşı fəaliyyəti və döyüş zonasında muzdluların istifadə edilməsi məsələlərinə dair ətraflı məlumatlar verib. Səfir münaqişənin həllinə dair ölkəmizin mövqeyini iştirakçıların diqqətinə çatdıraraq, beynəlxalq qanunvericiliyin norma və prinsiplərinin aliliyi, onlara hörmət və şərtsiz yerinə yetirilməsinin başlıca tələb olduğunu bildirib. O, 27 il BMT-nin 4 qətnaməsinə əməl etməyən Ermənistanın ölkəmizi bu məsələnin həllini öz üzərinə götürməyə məcbur etdiyini və müzəffər ordumuzun bunu yerinə yetirdiyini dinləyicilərin nəzərinə çatdırıb. Prezident, Ali Baş Kamandan İlham Əliyevin rəhbərliyi ilə bütün Azərbaycan xalqının səfərbər olaraq müstəqilliyimizin bərpasının ilk günlərindən ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həlli üçün apardığı mübarizənin qələbə ilə bitəcəyini vurğulayıb. Sonda E.Poluxov Braziliya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə çağırıb və regionda gedən proseslərin elimi tədqiqatının aparılmasının vacib olduğunu deyib.
Öz növbəsində, J.Xavier uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elmi araşdırmalar apardığını və Azərbaycanın mövqeyinin beynəlxalq qanunvericiliyə əsaslandığını, tam ədalətli olduğunu söyləyib.
Sonda hər iki mühazirəçi çoxsaylı sualları, o cümlədən erməni izləyicilərin suallarını cavablandırıblar.
Tədbirin tam yazısı ilə bu linkdə tanış olmaq mümkündür: https://www.facebook.com/faculdadeisepe/.