SİYASƏT


Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyinin rəhbəri Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə bağlı brifinq keçirib VİDEO

Cenevrə, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşəbbüsü və BMT-nin Cenevrədəki Bölməsi yanında akkreditə olunmuş media nümayəndələri və müxbirlərini birləşdirən BMT-də Akkreditə Olunmuş Müxbirlərin Assosiasiyasının (ACANU) təşkilatçılığı ilə daimi nümayəndə, səfir Vaqif Sadıqovun bu il sentyabrın 27-dən davam edən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü barədə mətbuat brifinqi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə daimi nümayəndə V.Sadıqov Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzü, hərbi cinayət törədərək Azərbaycanın mülki əhalisi və obyektlərini məqsədli və sistemli şəkildə atəşə tutması, o cümlədən Gəncə, həmçinin digər şəhər və yaşayış məntəqələrinin ballistik raket sistemləri və ağır silahlardan zərbələrə məruz qalması, bunun nəticəsində də dinc əhali arasında qeydə alınmış tələfatlar və xəsarətlər barədə ətraflı məlumat verib. Ermənistanın növbəti təxribatına cavab kimi BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin sərhədləri çərçivəsində işğal olunmuş ərazilərdə başladığı əks-hücum əməliyyatı, onun məqsədləri və əldə edilmiş uğurlar diqqətə çatdırılıb. Eyni zamanda, münaqişənin tarixi, onun hüquqi bazası və ATƏT Minsk qrupu həmsədrlərinin vasitəçiliyi əsasında danışıqlar prosesi, habelə Azərbaycanın münaqişənin həll yolları ilə bağlı baxışlarına dair zəruri məlumatlar təqdim edilib.

Brifinq zamanı media nümayəndələrini maraqlandıran müxtəlif məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.

Brifinqdə bir sıra dövlətləri təmsil edən informasiya agentliklərin nümayəndələri və müxbirlər, o cümlədən Küveyt (KUNA), Almaniya (DPA) və İspaniyanın (EFE) İnformasiya Agentlikləri, Anadolu İnformasiya Agentliyi, Associated Press (AP), Associated Press ABŞ (AP-ABŞ), Honkonqun “Phoenix Satelite TV”, Cənubi Afrikanın “İndependent Newspapers” Agentliyi, Rusiyanın “RİA Novosti” və “TASS” Agentlikləri, Fransanın Agence France-Press (AFP), Yaponiyanın Yayım Korporasiyası (NHK) və Yomiuri Shimbum Newspaper, Meksikanın “Reforma”, Çinin “Economic Daily of China” Agentliklərinin nümayəndələri iştirak ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.