SİYASƏT
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
İslamabad, 22 noyabr, AZƏRTAC
Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri, ordu generalı Zubair Mahmud Hayata “Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahında təşkil olunmuş mərasimdə Pakistan ordusunun generalları, yüksək rütbəli zabitləri və Azərbycanın Pakistandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ölkələrimiz arasında mövcüd olan ortaq bağlardan, səmimi dostluq münasibətlərindən və strateji tərəfdaşlıqdan söhbət açıb, hər iki ölkə rəhbərliyinin diqqət və qayğısı, xalqlarımızın dostluğu nəticəsində təşəkkül tapmış bu qardaşlıq münasibətlərinin müdafiə, təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrinə də sirayət etdiyini bildirib. Səfir hərbi və hərbi texniki əməkdaşlıq sahəsində bir sıra yeni layihələrin, təlimlərin, təcrübə mübadiləsinin həyata keçirildiyini və əlaqələrin yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb, bu əməkdaşlığın gücləndirilməsində hər iki ölkənin Silahlı Qüvvələrinin, o cümlədən Pakistanın BQRK və bu qurumun sədrinin böyük rolunun olduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycan Xarici İşlər nazirinin müvafiq sərəncamı ilə Azərbaycan ilə əlaqələrin inkişafında və gücləndirilməsindəki xüsusi xidmətlərinə görə Zubair Mahmud Hayatın “Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunduğunu və bu medalı general Zubair Mahmud Hayata təqdim etməkdən böyük məmnuniyyət hissi duyduğunu bildirib.
Zubair Mahmud Hayat Pakistanın qardaş Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini, Dağlıq Qarabağ və Kəşmir məsələsində hər iki ölkənin daim bir-birini dəstəklədiyini, Pakistanın Ermənistanı bir dövlət olaraq tanımadığını və BMT qətnamələrinin icrasının qeyd-şərtsiz təmin olunmasının vacibliyini diqqətə çatdırıb. Ordu generalı Azərbaycana həyata keçirilən səfərlərini, Azərbaycan Respublikasının Prezidenti tərəfindən səmimi qəbul edilməsini, həmkarları ilə görüşlərini xatırladıb, iki ölkə arasındakı hərbi əlaqələrin inkişafından məmnun olduğunu və bu inkişafın davam etdiriləcəyini vurğulayıb.
“Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmasından şərəf duyduğunu bildirən Zubair Mahmud Hayat təşəkkürlərinin Azərbaycan Respublikasının rəhbərliyinə və hökumətinə, Azərbaycan Xarici İşlər Nazirliyinə çatdırılmasını xahiş edib.
Təqdimatdan sonra Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin hərbi orkestrinin ifasında Azərbaycan və Pakistanın hərbi marşları ifa edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad