SİYASƏT


Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi və Respublika Günü Dubayda qeyd olunub

Dubay, 30 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulluğu tərəfindən Respublika Günü və Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirə əsas qonaq qismində Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil məsələləri üzrə dövlət naziri, süni intellekt üzrə dövlət naziri Ömər bin Sultan Əl-Uləma iştirak edib.

Rəsmi qəbulda, həmçinin BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dubay Ofisinin baş direktoru Əbdürrəhman Muteyva, BƏƏ-də akkreditə olunmuş diplomatik və konsulluq korpuslarının rəhbərləri, diplomatlar, yerli dövlət orqanlarının təmsilçiləri, iş adamları, KİV nümayəndələri, BƏƏ-də yaşayan Azərbaycan icmasının üzvləri, Azərbaycan Hava Yollarının və ARDNŞ-nin Dubaydakı nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Şimal əmirliklərindəki baş konsulu Cavidan Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi, qısa müddət ərzində gördüyü işlər, 1991-ci ildə Azərbaycan Respublikasının yenidən müstəqillik qazanması barədə geniş məlumat verib. O bildirib ki, 1993-cü ildə - vətəndaş müharibəsi, müstəqilliyin itirilməsi təhlükəsi və hökumətin böhranının mövcud olduğu bir zamanda Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan yeni bir mərhələyə qədəm qoydu və çiçəklənən iqtisadi inkişaf dövrü başladı.

O qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev milli dövlətçiliyimizin əsasını yaradıb. Bu gün Ümummilli Liderin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan gündən-günə inkişaf edir və dünya dövlətləri arasında mövqeyini gücləndirir.

Daha sonra baş konsul Azərbaycan ilə BƏƏ arasında mövcud olan ikitərəfli əlaqələrə toxunub. Vurğulayıb ki, iki dost ölkə arasındakı münasibətlər uğurla və dinamik şəkildə inkişaf edir. Onun sözlərinə görə, bu gün ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan güclü, yüksək dəyərli etibarlı dostluq və qardaşlıq əlaqələri mövcuddur.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra azərbaycanlı incəsənət xadiminin ifasında Azərbaycan milli musiqiləri səsləndirilib, tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.

Mərasim boyunca Azərbaycanın tarixi məkanları, səfalı guşələri, füsunkar təbiəti və milli mətbəxi ilə bağlı videoçarx və fotoslaydlar nümayiş etdirilib.

Tədbir məkanında Azərbaycanın milli musiqisi, incəsənəti, tarixi, adət-ənənələri və görməli yerlərini tərənnüm edən sərgi təşkil edilib. Sərgidə müxtəlif kitablar, broşürlər, rəsmlər, xalçalar, milli musiqi alətləri və s. nümayiş etdirilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.