SİYASƏT
Azərbaycanın Dostları Assambleyası Birləşmiş Ştatların Helsinki Komissiyasına ABŞ-Azərbaycan münasibətləri haqqında məktub təqdim etmişdir
Vaşinqton, 14 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyunun 11-də Amerika Birləşmiş Ştatlarının Senatında ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiyyat və insan hüquqları aspektlərinə dair dinləmələr olmuşdur. Dinləmələri ABŞ-ın Helsinki Komissiyası təşkil etmişdir. Azərbaycanın Dostları Assambleyası komissiyaya ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyəti barədə məktub təqdim etmişdir.
Qurumun Direktorlar Şurasının üzvü İ.Axundovanın təqdim etdiyi sənəddə ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığın əhəmiyyətindən, iki ölkənin regionda və onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığından söz açılır, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycan ərazilərinin 20 faizinin, o cümlədən ölkənin Dağlıq Qarabağ regionunun hələ də Ermənistanın işğalı altında olması ilə bağlı narahatlıq ifadə olunur.
Məktubda ABŞ Administrasiyasına Azərbaycan torpaqlarının işğal edilməsi nöqteyi-nəzərindən Ermənistana yardım siyasətini yenidən nəzərdən keçirməsi, habelə işğal edilmiş Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımını dayandırması çağırışı yer almışdır. İ.Axundova daha sonra məktubda Cənub Qaz Dəhlizi layihəsinin icrası vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan rəhbərliyinin rolunu və töhfəsini vurğulamışdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton