SİYASƏT


Azərbaycanın Dövlət Bayrağı Günü Poltavada qeyd edilib

Poltava, 9 noyabr, AZƏRTAC

Ukraynanın Poltava şəhərində 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin və Poltova şəhərindəki fəxri konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları ilə başlayıb.

Yüz il bundan əvvəl Şərqdə ilk demokratik respublikanın yaranma tarixindən bəhs edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması dövlətimizin başçısının tarixi irsə sahib çıxmasının bariz nümunəsidir. Son illər müstəqil Azərbaycan dövlətinin inkişaf edərək dünyanın aparıcı ölkələri arasında böyük nüfuz sahibinə çevrildiyini bildirən səfir zəfər bayrağımızın tezliklə Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına əminliyini ifadə edib.

Bayraq Gününün 100 illiyi münasibətilə tədbirə qatılanları təbrik edən Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyev çıxışında qeyd edib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Poltava vilayətinin deputatı Fəxrəddin Muxtarov müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının qürur mənbəyinə çevrildiyini vurğulayıb. Fərəhləndirici haldır ki, tarixi Vətənimiz Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərblə Şərqi birləşdirən beynəlxalq iqtisadi layihələrin gerçəkləşdirilməsi Azərbaycanı daha parlaq gələcəyə aparır.

Tədbirdə üçrəngli bayrağımızın yaranma tarixini özündə əks etdirən sənədli film nümayiş etdirilib. Bayram şənliyi Azərbaycanın və Ukraynanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Poltava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.