SİYASƏT


Azərbaycanın Dövlət Müstəqilliyi Günü Berlində qeyd edilib

Berlin, 19 oktyabr, AZƏRTAC 

Berlində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə dövlət müstəqilliyimizin bərpasının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib. “Azərbaycan Evi”nin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyinin və SOCAR-ın Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə keçirilmiş tədbirdə Berlin əyalət parlamentinin, alman ictimaiyyətinin, Almaniyadakı Azərbaycan, türk, rus, yəhudi icmalarının üzvləri və səfirliyimizin nümayəndələri iştirak ediblər.

Almaniyada Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin sədri Qurban Ələkbərov Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin tarixi barədə danışıb. O, müasir Azərbaycanın 1918-1920-ci illərdə müsəlman Şərqində mövcud olmuş ilk demokratik respublikanın varisi olduğunu söyləyib. Q.Ələkbərov ötən 26 il ərzində Azərbaycan dövlətçiliyinin möhkəmləndiyini və ölkəmizin dinamik inkişaf etdiyini qeyd edib və bu kontekstdə Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə söhbət açıb.

Daha sonra Almaniya Rusdilli Valideynlər Birliyinin təmsilçisi Pavel Ageyev və müxtəlif türk diasporu təşkilatlarının nümayəndələri çıxış edərək Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik ediblər.

Tədbirdə, həmçinin Azərbaycan diasporunun qarşısında duran vəzifələr və gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçılarına ziyafət verilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.