SİYASƏT
Azərbaycanın Dövlət Müstəqilliyi Günü İstanbulda qeyd olunub
İstanbul, 19 oktyabr, АZƏRTAC
İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə mərasim təşkil olunub. Tədbirdə İSTAD üzvləri, ziyalılar, İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Mərasimə ünvanlanan təbrik məktubları oxunub.
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl İSTAD-ın rəyasət heyətinin iclası keçirilib. Təşkilatın baş katibi, yazıçı-publisist Mətin Yıldırımın sədrliyi ilə keçirilən iclasda təşkilati məsələlərə baxılıb. Səfər Karaqoyunlu yenidən yekdilliklə təşkilatın sədri seçilib. Onun İSTAD-ın ötən dövrdəki fəaliyyətinə dair hesabatı dinlənilib. S.Karaqoyunlu Azərbaycanın müstəqilliyi və sürətli inkişafı haqqında fikirlərini bölüşüb.
Sonra Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşı Xəyyam Daşdəmirov, AZƏRTAC-ın Türkiyədəki xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı, tarixçi-jurnalist Əhməd Bagceci və Avrasiya Türk Dərnəkləri Federasiyasını sədri İsmail Çengiz Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı çıxış ediblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının siyasi iradəsinə uyğun olaraq 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında mühüm tarixi sənəd - Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Buna baxmayaraq 1993-cü ilin yayınadək dövlət müstəqilliyinin möhkəmlənməsi istiqamətində real nəticələr əldə olunmayıb. Azərbaycanda anarxiya və xaos yaranıb. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdandan sonra dövlət quruculuğu prosesinə başlanılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə sürətlə inkişaf etməkdədir. Azərbaycanın qüdrətli dövlətə çevrilməsinin mühüm göstəricilərindən biri də ordu quruculuğundakı nailiyyətlərdir. Təcavüzkar Ermənistanın təxribatçı fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında cəbhə xəttində başlanan döyüşlərin real nəticələri Azərbaycan Silahlı Qüvvələrinin tarixi rəşadətidir.
Azərbaycanın Dövlət Müstəqilliyi Günü haqqında İSTAD adından Türkiyə KİV-lərində məlumat yayılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul