CƏMİYYƏT


Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı Ombudsman Aparatında tədbir keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar ombudsman Elmira Süleymanovanın tapşırığı ilə Aparatın və Regional mərkəzlərin əməkdaşları tərəfindən Bakıda və regionlarda əhalinin müxtəlif qruplarının iştirakı ilə təhsil və mədəniyyət müəssisələrində, müvəkkilin resurs mərkəzlərində silsilə tədbirlər təşkil olunub.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Ombudsman Aparatında keçirilən tədbirdə E.Süleymanova müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, 1991-ci il 18 oktyabr tarixində yenidən müstəqilliyini bərpa edən, demokratik və hüquqi dövlət olan Azərbaycan Respublikasının indiyədək keçdiyi inkişaf yolundan və tarixindən danışıb.

O, həmçinin müstəqilliyin ilk illərində dövlətimizə qarşı Ermənistanın hərbi təcavüzündən, millətimizə qarşı yürüdülən etnik təmizləmə siyasətindən və ölkəmizin Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmasından, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından və apardığı müdrik siyasətdən bəhs edib.

Bildirib ki, 1994-cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı məhz Ümummilli Lider olub. E.Süleymanova qeyd edib ki, Ulu Öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı strategiyaları, qərarları bu gün də aktuallığını və dəyərini itirmir, inkişafın əsas istiqamətlərini, strateji hədəfləri müəyyən edir. Onun müstəqil respublikamıza başçılıq etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının müdafiəsi olub. İnsan hüquqları sahəsində ilk Dövlət Proqramının qəbul olunması, Azərbaycanda inkişaf etmiş dövlətlərdə olduğu kimi, aparılan demokratik hüquqi islahatlar prosesində ombudsman institutunun, ölkənin hüquq sistemində insan hüquqlarının müdafiəsi və bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin möhkəmləndirilməsi sahəsində mühüm bir təsisatın yaradılması dövlət müstəqilliyinin daha bir nailiyyətidir.

Müvəkkil 28 illik müddət ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atdığını, həyata keçirilən uğurlu islahatların Prezident İlham Əliyev tərəfindən də layiqincə davam etdirildiyini bildirib. Dövlətimizin başçısının Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında və paytaxtımızda təşkil olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli çıxışları və bəyanatları bizim hamımızın bu münaqişənin tezliklə və ədalətli sülh yolu həll olunmasına inamımızı daha da gücləndirdi.

Müvəkkil çıxışında insan hüquqları sahəsində fəaliyyətin uğurla davam etdirilməsi üçün qarşıda duran vəzifələr haqqında söz açıb və Regional mərkəzlər tərəfindən Dövlət Müstəqilliyi Günü ilə bağlı silsilə tədbirlərin keçirildiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.