İQTİSADİYYAT


Azərbaycanın Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib

Bakı, 17 yanvar, Nihad Budaqov, AZƏRTAC 

Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Serbiya Prezidenti Aleksandr Vuçiçin Rusiya kütləvi informasiya vasitələrində yayılan açıqlaması ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

- Serbiya Prezidenti Aleksandr Vuçiç mətbuata açıqlamasında bildirib ki, guya Azərbaycanın Serbiyaya ixrac etmək üçün təbii qazı yoxdur. Bu barədə nə deyərdiniz?

- Rusiya kütləvi informasiya vasitələrində verilmiş bu xəbərlə tanış olmuşuq. Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdən çoxdur. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə əlaqədar işlər uğurla davam etdirilir və bu layihənin 2020-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. TANAP layihəsi üzrə işlər isə keçən il başa çatıb.

Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan Balkan ölkələri ilə uğurla əməkdaşlıq edir. TAP layihəsi Albaniyanın ərazisindən keçir və bu ölkənin qazlaşdırılması layihəsi üzrə müvafiq danışıqlar aparılır. Eyni zamanda, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina ilə də bu xüsusda müzakirələr davam etdirilir. Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində keçən il keçirilmiş nazirlər toplantısında digər tərəfdaşlarla birlikdə bu üç ölkənin nümayəndələri də iştirak ediblər. Hazırda bu ölkələrlə Azərbaycan qazının nəqli üzrə İon-Adriatik qaz kəmərinin (Ionian-Adriatic Pipeline - IAP) tikintisi müzakirə olunur. Müvafiq olaraq, İon-Adriatik qaz boru kəməri layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.

Bütün bunlar Azərbaycan qazının çoxşaxəli və çoxistiqamətli nəqli üçün ölkəmizin həyata keçirdiyi siyasətin tərkib hissələridir. Bir halda ki, bir neçə Balkan ölkəsi ilə Azərbaycan qazının nəqli üzrə fəal iş aparılır və 2020-ci ildə Azərbaycan qazı Yunanıstan və Bolqarıstana çatdırılacaq, onda Serbiya tərəfi də maraq göstərərsə, Azərbaycan bu sahədə əməkdaşlığa və danışıqlara başlamağa hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.