İQTİSADİYYAT


Azərbaycanın Energetika naziri Əbu-Dabidə bir sıra görüşlər keçirib

Beynəlxalq Enerji Agentliyi Azərbaycanın energetika sektorunun uzunmüddətli inkişaf Strategiyasının layihəsinin hazırlanmasına dəstək verəcək

Bakı, 10 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə səfərdə olan Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirin Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə görüşündə qlobal neft bazarında hazırkı vəziyyət, neftin qiymətinə, eləcə də tələb və təklifə təsir edən amillər, neft ölkələrində iqtisadiyyatın şaxələndirilməsi və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. P.Şahbazov energetika sektorunda islahatlar çərçivəsində görülən tədbirlər barədə ətraflı məlumat verərək “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması istiqamətində Beynəlxalq Enerji Agentliyi ilə intensiv əməkdaşlığın vacibliyini qeyd edib. F.Birol Azərbaycanın energetika sektorunda yeni çağırışlara uyğun fəaliyyətini təqdir edərək strategiya layihəsinin hazırlanmasına dəstək verəcəklərini bildirib.

Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahəyə dəstəklə bağlı məsələlər isə Çinin Milli Enerji Administrasiyasının vitse-prezidenti Lin Shanqing ilə görüşdə müzakirə edilib. Nazir bu ilin aprelində “Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Azərbaycan Prezidentinin Çinə səfərinin və imzalanan sənədlərin iki ölkə arasında müxtəlif sahələrdə, eləcə də enerji sektorunda əlaqələrin genişlənməsi üçün yaratdığı imkanları xatırladıb. P.Şahbazov Çin şirkətlərini bərpaolunan enerji sahəsində fəal iştiraka dəvət edib.

Nazir Dünya Neft Şurasının prezidenti Tor Fyeranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. T.Fyeran XXIV Dünya Neft Konqresinə ev sahibliyi etmək üçün keçirilmiş səsvermədə Azərbaycanın yüksək nəticə göstərdiyini vurğulayıb və ölkəmizlə qurum çərçivəsində əlaqələrin dərinləşdirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb. Cari və növbəti illərdə Dünya Neft Şurasının müxtəlif tədbirlərində Azərbaycanın təmsil olunması, T.Fyeranın ölkəmizə gözlənilən səfəri, eləcə də neft-kimya və neft emalı sahəsində inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb.

Monqolustanın Energetika naziri Çerenpil Davasurenlə görüşdə isə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, eləcə də Monqolustan tələbələrinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almaları ilə bağlı məsələlər müzakirə edilib. “Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmaya hazır olduğu bildirilib. Həmçinin Monqolustanın neft sektorunun inkişafında Azərbaycanla əməkdaşlığa maraq ifadə edilib.

Səfər çərçivəsində həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Məzrui, Dünya Enerji Şurasının həmsədri Jean Marie Dauger, Hindistanın Neft və Qaz naziri Dharmendra Pradhan ilə də görüşlər keçirilib və ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.