İQTİSADİYYAT


Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib

Bakı, 15 noyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” adlı ilk regional sammitdə iştirak edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sammitin açılışında çıxış edən P.Şahbazov BMT-nin 2016-2030-cu illər üzrə təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi üzrə Azərbaycanın həyata keçirdiyi uğurlu dövlət siyasətindən bəhs edib. Ölkəmizin milli inkişaf strategiyasının DİM ilə üst-üstə düşdüyünü vurğulayan nazir bildirib ki, iqtisadi, sosial inkişafla bərabər, ekoloji tarazlığın gözlənilməsi, ətraf mühiti qorumaqla tərəqqi bu gün bizim də əsas məqsədlərimizdən biridir.

Ölkəmizin mövcud sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı məlumatları diqqətə çatdıran P.Şahbazov bildirib ki, son 15 ildə ölkə iqtisadiyyatı üç dəfədən çox artıb. Bu, eləcə də yoxsulluğun, işsizliyin azaldılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyata keçirilən çoxsaylı infrastruktur layihələri, qazlaşdırılma səviyyəsi və elektrik enerjisinin əlçatanlıq əmsalı ilə bağlı göstəricilər, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər dayanıqlı inkişaf məqsədli siyasətin nəticələridir. Azərbaycanın bu nailiyyətləri Davos Ümumdünya İqtisadi Forumunun və Dünya Bankının “Doing Business” hesabatlarında da öz əksini tapır.

Nazir hazırda davamlı inkişaf modelinin yaradılması istiqamətində 11 sektoru əhatə edən 12 Strateji Yol Xəritəsinin icra olunduğunu, həyata keçirilən dərin islahatlar kursunun ölkənin hərtərəfli və dayanıqlı inkişafına xidmət etdiyini qeyd edib: “Prezident İlham Əliyevin bəyan etdiyi kimi gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin dayanıqlı inkişafı üçün əlavə imkanlar yaradacaq. Ölkə başçısının tapşırığına əsasən, hazırda bərpaolunan enerji sahəsini özəl, xarici investisiyanın cəlbi ilə inkişaf etdirmək, energetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə keçmək, enerji səmərəliliyinə nail olmaqla bağlı tədbirlər görülür. Bu tədbirlər Azərbaycanın 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarını 35 faiz azaltmasına və ümumi elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizədək artırmağa kömək etməklə yanaşı, qlobal iqlim dəyişikliyi ilə bağlı məqsədə də töhfə verəcək”.

Energetika naziri, həmçinin “Strateji siyasətə dair dialoq: DİM-lərə çatmaq üçün düzgün yol seçmişikmi?” adlanan sessiyada panel müzakirələrə də qatılıb.

Qeyd edək ki, Asiya İnkişaf Bankı (AİB) və BMT-nin İnkişaf Proqramının Qazaxıstan nümayəndəliklərinin dəstəyi ilə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan sammitin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün resursların səfərbər edilməsi prosesində bütün maraqlı tərəflər arasında dialoqun yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.