İQTİSADİYYAT
Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyi dövründə nəzərdə tutulan məsələlər müzakirə edilib
Bakı, 18 may, AZƏRTAC
Energetika Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak və Azərbaycanın Energetika nazirinin müavini, Beynəlxalq Enerji Xartiyası Konfransının sədr müavini Samir Vəliyev arasında videokonfrans keçirilib. Görüş 2020-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi dövründə təşkilat qarşısında nəzərdə tutulan məsələlərin həlli məqsədilə təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, videokonfransda bu il dekabrın 16-17-də Bakıda keçirilməsi planlaşdırılan “Hər kəs üçün enerji effektivliyi: innovasiyalar və investisiyalar” mövzusunda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransının texniki təşkilati məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb. COVID-19 pandemiyasının təşkilatın 2020-ci il üzrə nəzərdə tutulan fəaliyyətinə təsiri qiymətləndirilərək Beynəlxalq Enerji Xartiyası Müqaviləsinin modernləşdirilməsinin hazırkı vəziyyəti nəzərdən keçirilib, Modernizasiya, İcra, İdarəetmə və Strategiya qruplarının işinin təşkili, sənədlərinin təsdiqlənməsi və iclaslarının keçirilməsi məsələləri müzakirə edilib.
Videokonfransa Beynəlxalq Enerji Xartiyasının səlahiyyətli nümayəndələri və Energetika Nazirliyinin aidiyyəti struktur bölmələri də qatılıb.