İQTİSADİYYAT


Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyi üzrə reallaşdırılacaq tədbirlərə dair müzakirələr aparılıb

Bakı, 4 iyul, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov və Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnakın iştirakı ilə videokonfrans keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Enerji Xartiyası Müqaviləsinin müasirləşdirilməsi, eləcə də Azərbaycanın cari ildəki Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində həyata keçiriləcək tədbirlərlə bağlı məsələlər müzakirə edilib.

Enerji Xartiyası Müqaviləsinin müasirləşdirilməsi prosesində üzv ölkələrin mövqeyinə, müasirləşdirmə üzrə işçi qrupunun fəaliyyətinin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Baş katib U.Rusnak Enerji Xartiyası Müqaviləsinin qlobal enerji sektorunun müasir tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib və modernizasiya prosesi üzrə danışıqların ilk mərhələsinin gələn həftə başlayacağını bildirib.

Energetika naziri P.Şahbazov isə qeyd edib ki, Azərbaycanın Enerji Xartiyası Müqaviləsinin müasirləşdirilməsinə dair təklifləri 2019-cu ildə təqdim olunub və hazırda dövlət qurumları ilə məsləhətləşmələr davam etdirilməkdədir. Beynəlxalq Enerji Xartiyası üçün qərarların konsensus əsasında qəbul edildiyini nəzərə alaraq, müqavilənin müasirləşdirilməsi ilə əlaqədar ümumi razılığa gəlmək üçün tərəflərin danışıqlar prosesində də aktiv iştirakı vacibdir.

Videokonfransda Bakıda keçirilməsi planlaşdırılan Enerji Xartiyası Forumuna, 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı və Nazirlər Görüşünə hazırlıqla bağlı texniki-təşkilati məsələlər də nəzərdən keçirilib.

Xatırladaq ki, Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar 2018-ci ildə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.