MƏDƏNİYYƏT
Azərbaycanın Estoniyadakı səfirliyi Tallində keçirilən xeyriyyə bazarında iştirak edib
Riqa, 4 dekabr, AZƏRTAC
Tallindəki “Radisson BLU Sky” mehmanxanasında Tallin Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı ilə ənənəvi Milad Xeyriyyə Bazarı keçirilib.
Estoniyada akkreditə olunmuş səfirliklərin də iştirak etdiyi yarmarkada bu dəfə Azərbaycan da daxil olmaqla 24 ölkənin stendi nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, xeyriyyə yarmarkasındakı Azərbaycan stendində Estoniya ictimaiyyəti mətbəximiz və yerli məhsullarımız ilə tanış olublar. Onlara milli xörəklər, çay, şirələr, mürəbbələr, habelə müxtəlif milli suvenirlər, əl işləri, dekorativ-tətbiqi sənət nümunələri təqdim edilib.
Azərbaycan məhsulları Milad Xeyriyyə Bazarına baş çəkən çoxsaylı mətbuat və biznes dairələrinin nümayəndələrinin, Estoniyanın parlament və hökumət üzvlərinin də böyük marağına səbəb olub. Tədbirə Azərbaycan diasporunun nümayəndələri, Estoniyada təhsil alan azərbaycanlı tələbələr də qatılıblar.
Milad bazarından əldə edilən bütün vəsaitlər Tallin Beynəlxalq Qadınlar Klubu tərəfindən ehtiyacı olan uşaqlar üçün xeyriyyə fondunun hesabına köçürülüb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa