SİYASƏT
Azərbaycanın Estoniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Tallinn, 11 may, AZƏRTAC
Azərbaycanın Estoniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Səfirlikdə ulu öndər Heydər Əliyevin barelyefinin təntənəli açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun və Estoniya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılışda çıxış edən Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı məlumat verib. Diplomat bildirib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri tərəfindən ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirilərək, görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı xidmətləri geniş təbliğ edilir.
Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi, “Ajdan” Həftə sonu məktəbinin şagirdləri və müəllimləri Tallinn şəhərində yerləşən Azərbaycan və Estoniya respublikalarının 100 illiyi münasibətilə, iki xalq arasında tarixi əlaqələrin və Bakı şəhərinin Suraxanı və Tallinn şəhərinin Kristiyne rayonları arasında dostluğun rəmzi olaraq salınmış parkın girişində qurulmuş, üzərində ümummilli lider Heydər Əliyevlə Estoniyanın sabiq prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilmiş görüşün fotoşəkili olan lövhənin önündə güllər əkiblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn