SİYASƏT


Azərbaycanın Finlandiyadakı diasporu Respublika Günü münasibətilə bir araya gəlib

Helsinki, 27 may, Rauf Əliyev, AZƏRTAC

Azərbaycanın Finlandiyadakı diasporu 28 may - Respublika Günü münasibətilə bir araya gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Türk gənclər təşkilatı tərəfindən təşkil olunan tədbir bu ölkənin Espoo şəhərindəki Sello kitabxanasında keçirilib. Mərasimdə, yerli ictimaiyyət nümayəndələri, türk dərnəyinin üzvləri, diasporumuzun fəal gəncləri, ziyalılar və iş adamları iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsiylə başlayan mərasimdə Finlandiya Azərbaycanlılar Koordinasiya Şurasının əlaqələndiricisi və Azərbaycan-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarova çıxış edib. O, tədbir iştirakçılarına 28 may - Respublika Gününün tarixi haqqında məlumat verib. Ülviyyə Cabbarova 1918-ci il mayın 28-də İstiqlal bəyannaməsi ilə Azərbaycanın müstəqil dövlət olduğunu elan edildiyini qeyd edərək, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində yaranmış ilk demokratik respublika olmasını diqqətə çatdırıb. “Hər bir xalqın sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır, lakin müstəqillik təsadüfən qazanılmır. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir və onu qazanmaq, qoruyub saxlamaq qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin, onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi”, - deyə qeyd edib.

O tarixi günlərdə, 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusunun qurulduğunu, Azərbaycan dilinin dövlət dili elan edildiyini, üçrəngli bayrağımızın yaradıldığını bildirən Ü.Cabbarova türk-müsəlman Şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonralar müstəqilliyimizə son qoymasını təəssüf hissi ilə qeyd edən diaspor təşkilatın rəhbəri, bununla Sovet imperiyasının 70 illik əsarəti dövrünün başladığını vurğulayıb.

Azərbaycan-Türk gənclər təşkilatının sədri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, xalqımızın başına gəlmiş hadisələr, tarix bir daha göstərir ki, xalqın azadlıq əldə etməsi ilə iş qurtarmır. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir insanın üzərinə düşən vətəndaş borcunu yerinə yetirməli olduğunu bildirən Ülviyyə Cabbarova deyib: “Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Azərbaycan Respublikası mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi”.

Ülviyyə Cabbarova əlavə edib ki, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurmaqla yanaşı, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir.

Sonra tədbir bədii hissə ilə davam edib.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.