SİYASƏT
Azərbaycanın Fransadakı səfiri “France 24” telekanalına müsahibə verib VİDEO
Paris, 17 may, AZƏRTAC
“France 24” televiziya kanalında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun müsahibəsi yayımlanıb.
Səfir E.Əmirbəyov müsahibəsində Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal altında saxlayan Ermənistanın tarixi həqiqətləri təhrif edərək özünü başladığı münaqişənin qurbanı kimi qələmə verməyə çalışdığını diqqətə çatdırıb. Qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mövcud status-kvonun qəbuledilməz olduğunu dəfələrlə açıq şəkildə bildiriblər.
E.Əmirbəyov deyib ki, bu il aprelin 5-də tərəflər arasında atəşkəs barədə əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan Azərbaycanın dinc əhalisini atəşə tutmaqda davam edir.
Vyana sammitinə gəldikdə isə diplomat qeyd edib ki, bu görüş çox vacibdir. Ermənistanı atəşkəs rejiminə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə məcbur etmək lazımdır. Azərbaycan Vyana görüşündə iştirak etməklə qoşunların təmas xəttində Ermənistanın törətdiyi təxribatlardan sonra da danışıqlar prosesinin yenidən bərpa edilməsinə və münaqişənin sülh yolu ilə həll olunmasına çalışır.
Diplomat bildirib ki, danışıqlar prosesi əvvəlkindən fərqli olaraq daha ciddi olmalı, status-kvo dəyişdirilməlidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək silahlı qüvvələrini işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxarmalıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris