CƏMİYYƏT


Azərbaycanın Fransadakı səfirliyi gücləndirilmiş iş rejimində çalışır VİDEO

Paris, 21 aprel, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyi koronavirus pandemiyası ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Səfirliyin konsulu Vüqar Əliyev AZƏRTAC-a bildirib ki, martın əvvəlindən gücləndirilmiş iş rejiminə keçən səfirlikdə 24 saat fəaliyyət göstərən “Qaynar xətt” yaradılıb. Vətəndaşların müraciətləri onlayn rejimdə də qəbul edilir. Həmçinin səfirliyin sosial şəbəkə profilləri vasitəsilə vətəndaşların sorğuları cavablandırılır, eləcə də Fransa hökuməti tərəfindən qəbul edilən qərarlar, verilən tövsiyələr operativ şəkildə müxtəlif dillərdə hazırlanaraq paylaşılır. “Qaynar xətt” ilə yanaşı, konsulluğun telefon nömrələrinə gələn zənglər şəxsi nömrəyə yönləndirildiyindən konsulluğun sabit nömrələri 24 saat ərzində həmvətənlərimiz üçün əlçatandır.

Konsul qeyd edib ki, mart ayının əvvəlində Fransada insanlar qeyri-müəyyənlikdən və səhih məlumatların olmamasından yaranan panika yaşayırdılar. Bu xüsusda, burada yaşayan həmvətənlərimiz, onların Azərbaycanda olan ailə üzvləri, yaxın qohumları səfirliklə əlaqə saxlayıb əlavə məlumatlar əldə etməyə çalışırdılar. Təsadüfi deyil ki, ilk bir həftə ərzində “Qaynar xətt”ə 300-dən çox zəng daxil olmuşdu. Hazırda vətəndaşlarımızın qeydiyyatı aparılır, daxil olan müraciətlər Xarici İşlər Nazirliyində yaradılmış Operativ Qərargahla əlaqələndirilir. Həmçinin maddi dəstəklə bağlı müraciət edən həmvətənlərimizə buradakı diplomatlarımız tərəfindən könüllü maddi yardımlar edilib və bu proses mərhələli şəkildə davam etdiriləcək. Bununla yanaşı, qalmaq yeri ilə bağlı çətinliklə qarşılaşan iki vətəndaşımız diplomatların evinə yerləşdirilib və çarter reysi təşkil edilənədək onlar orada qalacaqlar.

Hazırda soydaşlarımızla bağlı vəziyyət bir az sabitləşib, onlar yerli hökumətin epidemiya ilə bağlı qaydalarına riayət edirlər. Mütəmadi olaraq vətəndaşlarımızla təmas saxlayırıq, yeniliklər barədə onları məlumatlandırırıq. Vətəndaşlarımız tam əmin ola bilərlər ki, bütün müraciətlər qeydə alınır, araşdırılır, aidiyyəti üzrə yönləndirilir. Həmvətənlərimizə qayğı ilə yanaşılması, onların problemlərinin xüsusi diqqət mərkəzində saxlanılması bizim üçün əsas məsələdir.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.