İDMAN


Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov növbəti Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi Slovakiyanın ölkəmizdə səfərdə olan Baş Nazirinin müavini Riçard Rasi ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Rəhimov Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər turnirlər, eləcə də həmin yarışlara hazırlıq çərçivəsində görülən işlər, kadr potensialı barədə məlumat verib. Nazir vurğulayıb ki, xüsusilə I Avropa Oyunları zamanı ölkəmizdə qısa müddətdə yüksək səviyyədə inşa olunan yeni idman qurğuları növbəti yarışlar üçün miras qalıb. Birinci Avropa Oyunlarından sonra Azərbaycanda keçirilən digər yarışlar məhz bu idman qurğularında yüksək səviyyədə təşkil olunub.

Söhbət zamanı nazir gənc idmançılar nəslinin yetişməsində və inkişafında böyük rolu olan Avropa Gənclər Olimpiya Festivalı haqqında da məlumat verib. Nazir ölkəmizin bu mötəbər yarışa ciddi hazırlaşdığını bildirib, görülən işlərdən danışıb. Qeyd edib ki, Avropa Olimpiya Komitələrinin əlaqələndirmə komissiyasının il ərzində Bakıda keçirilən görüş və iclaslarında yarışa hazırlıq prosesi ətraflı müzakirə edilib. A.Rəhimov qonağa festivalın keçirildiyi arenalar, eləcə də Atletlər kəndində yaradılan şərait və digər məsələlər barədə ətraflı məlumat verib.

Slovakiya Baş Nazirinin müavini Riçard Rasi Azərbaycanın mötəbər idman tədbirlərinə çox yüksək səviyyədə ev sahibliyi etdiyini və bu sahədə zəngin təcrübəyə malik olduğunu vurğulayıb. Qonaq XV Avropa Gənclər Olimpiya Festivalının da Bakıda uğurla təşkil edildiyini deyib. Növbəti festivala Slovakiyanın ev sahibliyi edəcəyini xatırladan R.Rasi həmin yarışların ölkəsində uğurla keçiriləcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.