CƏMİYYƏT


Azərbaycanın Gürcüstanda səfirliyinin açılmasından 25 il ötür

Tbilisi, 6 mart, AZƏRTAC

Azərbaycanın Gürcüstanda səfirliyinin açılmasından 25 il keçir.

AZƏRTAC xəbər verir ki, iki ölkə arasında dostluq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin qədim tarixi var. Amma Azərbaycanın Gürcüstanda səfirliyi rəsmi olaraq 1996-cı il martın 5-də fəaliyyətə başlayıb. Məhz həmin vaxtdan iki ölkə arasındakı əlaqələrin inkişafında yeni səhifə açılıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Prezidenti kimi 1996-cı il martın 8-10-da Gürcüstanda rəsmi səfərdə olub. Ulu Öndər bu səfəri tarixi hadisə və səfər adlandırıb. Həmin səfər çərçivəsində iki ölkə arasında dostluq, qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik və digər sahələrə dair vacib sənədlər imzalanıb. Bu sənədlər Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı üçün hüquqi baza yaradıb.

Bu gün Gəncə şəhərində Gürcüstanın və Batumi şəhərində isə Azərbaycanın baş konsulluqları fəaliyyət göstərir. Ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimizin bir neçə şəhərləri arasında qardaşlaşma haqqında müqavilələr imzalanıb. Azərbaycanın və Gürcüstanın sərhədyanı bölgələri kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə əməkdaşlıq edir, birgə layihələr həyata keçirirlər.

Azərbaycan ilə Gürcüstanın birgə iştirakı ilə regionda çox mühüm enerji, nəqliyyat və logistika layihələri həyata keçirilir.

Bu gün Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları sırasında öncül yerlərin birini tutur. Azərbaycan qonşu ölkənin enerjiyə olan tələbatının ödənilməsində də mühüm rol oynayır.

Azərbaycan ilə Gürcüstan arasında ilk diplomatik münasibətlərin əsası isə hələ ötən əsrin əvvəllərində qoyulub. O vaxt Məmməd Yusif Cəfərov Azərbaycanın Gürcüstanda ilk diplomatı olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.