CƏMİYYƏT
Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş qəzanın səbəblərini araşdırıb
Tbilisi, 10 yanvar, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi yanvarın 9-da Tbilisinin mərkəzindəki Çavçavadze küçəsində baş vermiş qəzanın səbəblərini araşdırıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun təşəbbüsü ilə hadisə ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Gürcüstanın Daxili İşlər Nazirliyində görüş keçirilib, söhbət zamanı hadisənin səbəblərinin araşdırılması istiqamətində görülən işlərlə bağlı məlumat verilib, məsələnin xüsusi nəzarətə götürülməsi xahiş olunub.
Səfirliyin məsul əməkdaşları, həmçinin xəstəxanalarda olub, ölən şəxsin yaxınları ilə görüşüb, yaralıların vəziyyəti ilə maraqlanıblar.
Məlumat üçün qeyd edək ki, yanvarın 9-da təcili tibbi yardım avtomobili Tbilisinin Çavçavadze küçəsində idarəetməni itirərək tikintisi davam edən çoxmərtəbəli binanın qarşısındakı yardımçı tikiliyə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
Dünyasını dəyişən gənc Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kənd sakini Babək Həsənovdur. Yaralanan şəxslər Azərbaycan əsilli Gürcüstan vətəndaşlarıdır. Onlardan birinin ayağı amputasiya olunub, digər yaralılardan birinin də vəziyyəti ağırdır.
Qeyd edək ki, yaralanan və xəsarət alan şəxslər arasında Azərbaycan Respublikasının vətəndaşı yoxdur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi