ELM VƏ TƏHSİL


Azərbaycanın Gürcüstandakı səfirliyində azərbaycandilli məktəblərin müəllimləri ilə görüş keçirilib

Tbilisi, 29 sentyabr, AZƏRTAC

Ölkəmizin Gürcüstandakı səfirliyində bu ölkədəki azərbaycandilli məktəblərin bir qrup müəllimi ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Tbilisi və Rustavi şəhərləri, eləcə də Marneuli, Bolnisi, Qardabani rayonlarından Azərbaycan dili və ədəbiyyatı müəllimləri iştirak ediblər.

Səfir Faiq Quliyev müəllimləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, şərəfli peşələrində onlara müvəffəqiyyətlər arzulayıb.

Diplomat Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstandakı soydaşlarımız üçün təhsil sahəsində həyata keçirilən layihə və proqramlardan danışıb. Hər il Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstanın azərbaycandilli məktəbləri üçün Azərbaycan dili və Ədəbiyyat dərsliklərinin göndərildiyini, Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox məktəbin təmir və bərpa olunduğunu, uşaq bağçalarının tikildiyini, SOCAR tərəfindən Gürcüstanda “1+4” proqramı üzrə azərbaycanlı tələbələrin təhsil haqlarının ödənildiyini qeyd edib.

Bildirib ki, Gürcüstanda Azərbaycan dilində tədris sahəsində mövcud olan aktual problemlər və boşluqlarla bağlı məsələlər 2022-ci ilin fevral ayında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunub.

Görüşdə çıxış edən müəllimlər, təmsil etdikləri məktəb və Azərbaycan bölmələrini narahat edən məsələlər və çatışmazlıqlardan danışıblar. Pedaqoqlar kadr çatışmazlığı və məktəb kitabxanalarında latın qrafikalı Azərbaycan dilli kitabların olmamasını təhsil ocaqlarını ən çox narahat edən məsələlər kimi göstəriblər. Bəzi kənd məktəblərinin təmir-bərpaya ehtiyacı olduğu qeyd edilib, gürcü dilindən Azərbaycan dilinə tərcümə olunan dərsliklərdə olan qüsurlar, dərslik çatışmazlığı və digər məsələlər də diqqət mərkəzində olub.

Müzakirələr zamanı qaldırılan problemlərin həlli yolları ilə bağlı təkliflər səsləndirilib.

Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin ana dilimizin qorunması və təbliği istiqamətindəki böyük rolu xüsusilə vurğulanıb, vətəndaş cəmiyyətinə inteqrasiya baxımından gürcü dilinin keyfiyyətli tədrisinin əhəmiyyəti qeyd edilib.

Qaldırılan məsələlərin səfirliyin səlahiyyətləri çərçivəsində Gürcüstanın Elm və Təhsil Nazirliyi ilə birgə həlli üçün müvafiq addımların atılacağı bildirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.