CƏMİYYƏT
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə minlərlə aztəminatlı ailəyə yardım edilib
Tbilisi, 28 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizəyə dair “Biz birlikdə güclüyük” çağırışına dəstək məqsədilə Gürcüstandakı səfirliyimiz bu ölkədəki azərbaycanlı iş adamları ilə danışıqlar aparıb.
AZƏRTAC xəbər verir ki, səfirliyin təşəbbüsü və Gürcüstandakı Azərbaycan şirkətlərinin maliyyə dəstəyi ilə bu günədək 3258 aztəminatlı ailəyə ərzaq, 200 ailəyə tibbi ləvazimat, Gürcüstanda təhsil alan 71 azərbaycanlı tələbəyə maliyyə yardımı və 2 soydaşımıza əlil arabası verilib.
Səfirlikdən verilən məlumata görə, ərzaq yardımından 1300-ü Azərbaycanlı İş Adamları Birliyinə (AZEBİ) üzv şirkətlər, 1258-i SOCAR-ın Gürcüstan nümayəndəliyi, 700-ü “Akkord” şirkəti və “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan nümayəndəliyi tərəfindən paylanılıb.
Bundan başqa, SOCAR-ın Gürcüstan nümayəndəliyi 200 ailəyə tibbi ləvazimat çatdırıb və Gürcüstanda təhsil alan 71 tələbəyə maliyyə yardımı edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi