CƏMİYYƏT
“Azərbaycanın İntellektual BİRincisi” layihəsi üzrə sonuncu seçim turuna yekun vurulub
Bakı, 12 dekabr, AZƏRTAC
“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycanın İntellektual BİRincisi” layihəsi üzrə Bakının 11 rayonundan gənc intellektualların iştirakı ilə sonuncu - paytaxt seçim turu keçirilib.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin sonuncu turunda Bakının Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Sabunçu, Suraxanı, Qaradağ rayonlarının gənc intellektualları yarışıblar.
Açılış mərasimində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, rayon icra hakimiyyətinin şöbə müdiri Rauf Həsənov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da gənclər cəmiyyətin əsas qüvvəsi, aparıcı təbəqəsidir. Gənclərin ölkənin gələcəyi olması ideyası dünyanın hər yerində, o cümlədən Azərbaycanda da qəbul olunan və diqqət yetirilən prioritet istiqamətdir. Gənclərin ölkədə baş verən proseslərə fəal şəkildə cəlb olunması, cəmiyyətin mühüm və əsas hissəsinə çevrilməsi həm gənclər şəbəkəsinin genişlənməsinə və inkişafına, həm də vətəndaş cəmiyyətinin tərəqqisinə təkan verir. Bu baxımdan belə layihələrin icrası gənclərin intellektual inkişafında mühüm rol oynayır.
Açılış mərasimindən sonra dörd intellektual oyun (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, və “Vətəni tanı”) üzrə yarışlara start verilib. “Nə? Harada? Nə zaman?” və “Xəmsə” intellektual oyunları üzrə Yasamal rayonunun təmsilçiləri birinci yeri tutublar. “Vətəni tanı” intellektual oyunu üzrə yarışda Nizami rayonunun, “Axtar tap” intellektual oyunu üzrə isə Binəqədi rayonunun gənc intellektualları qalib gəliblər.
Qalib komandalar Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Sonda turnirin bütün iştirakçıları təltif ediliblər.
Xatırladaq ki, ötən il Azərbaycan Gəncləri Günü ərəfəsində Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşündə intellektual oyunların və televiziya proqramlarının gənclərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirmişdi. Bunu nəzərə alaraq, "İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi, onların intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə ölkə daxilində bir neçə yarışın vahid turnir çərçivəsində təşkili istiqamətində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual BİRincisi” layihəsini icra edir.