SİYASƏT
Azərbaycanın İrandakı səfirliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş mərasim keçirmişdir
Tehran, 25 iyun (AZƏRTAC). Ölkəmizin İrandakı səfirliyində Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə mərasim keçirilmişdir. Mərasimdə İran İslam Respublikası Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Tehrandakı səfirliklərinin hərbi attaşeləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirliyin foyesindəki büstü önünə əklil qoymuş, xatirəsini yad etmişlər.
Sonra Azərbaycanın və İranın dövlət himnləri səslənmişdir.
Mərasimdə çıxış edən hərbi attaşe Mehman Süleymanov demişdir ki, ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunmuşdur. Hər il bu tarix rəsmi dövlət bayramı kimi təntənə ilə qeyd edilir. Bildirilmişdir ki, müasir Azərbaycan Ordusunun yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Ulu Öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi işlərin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün Qafqaz regionunda ən güclü orduya malikdir.
Qeyd edilmişdir ki, Ali Baş Komandan İlham Əliyev müdafiə məsələlərini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının cəbhə bölgəsinə tez-tez səfər etməsi, hərbi hissələrdə əsgər və zabitlərlə səmimi görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, şəxsi heyətin qələbə əzmini möhkəmləndirir.
Sonra səfir Cavanşir Axundov və hərbi attaşe M. Süleymanov bir sıra xarici ölkələrin səfirliklərinin hərbi attaşelərinə İrandakı xidmət müddətlərinin başa çatması ilə əlaqədar milli suvenirlərdən ibarət hədiyyələr təqdim etmişlər.
Tədbir bədii proqramla davam etmişdir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran