SİYASƏT


Azərbaycanın İrandakı səfirliyi Ulu Öndərin anadan olmasının 96 illiyi ilə əlaqədar xeyriyyə aksiyası keçirib

Tehran, 9 may, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyi xeyriyyə aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirliyin əməkdaşları və onların ailə üzvləri Heydər Əliyevin büstü önünə toplaşaraq onun xatirəsini yad ediblər.

Səfirliyin kollektivi Ulu Öndərin öz fəaliyyətində daim humanizm prinsiplərini əsas tutmasına istinad edərək Tehrandakı “Qədir” Xeyriyyə Müəssisəsinin fiziki və zehni cəhətdən qüsurlu 200 xəstə qızın yaşadığı İmam Əli Kompleksini ziyarət edib.

Səfir Bünyad Hüseynov müəssisənin əməkdaşları ilə söhbətində Azərbaycan xalqının tarixən öz mərhəməti və humanizmə sadiqliyi ilə tanındığını vurğulayıb. Bildirib ki, həm Sovet İttifaqı, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində insanpərvərliyi, humanizmi, mənəvi dəyərləri, şəfqəti hər şeydən uca tutub. Bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev də ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşması istiqamətində sosial islahatları davam etdirir.

Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini məhz Ümummilli Liderin humanizm prinsipləri əsasında qurub. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva genişmiqyaslı sosial və humanitar layihələr həyata keçirir, həm ölkəmizdə, həm də xaricdə böyük xeyriyyəçilik aksiyaları təşkil edir. Fondun rəhbəri övladları ilə birlikdə mütəmadi olaraq sağlamlıq imkanları məhdud olan uşaqlarla görüşür, qayğıları ilə maraqlanır, onlar üçün maraqlı mədəni proqramlar təşkil edir.

Mehriban Əliyevanın “Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir” fikrini xatırladan səfir vurğulayıb ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər cəmiyyətdə humanizmin daha geniş vüsət almasına, insanlarda mərhəmət hissinin aşılanmasına xidmət edir.

“Qədir” Xeyriyyə Müəssisəsinin İmam Əli Kompleksinin Direktorlar Şurasının sədri Hüseyn Zackaniha Azərbaycan səfirliyinin bu aksiyasından təsirləndiyini deyib. O bildirib ki, müasir zamanda humanizm və xeyriyyəçiliyə daha çox ehtiyac duyulur. Belə müəssisələrin sakinlərinin xüsusilə İslam aləmi üçün mübarək Ramazan ayında yad edilməsi insanda sözlə ifadə olunmayan hisslər yaradır. Müəssisəmizdə fiziki və zehni cəhətdən qüsurlu 200 nəfər qız uşağına müxtəlif səbəblər üzündən dağılmış ailələrdən olan qadınlar qulluq edir. Müəssisəmizin fəaliyyəti buranın daimi sakinləri ilə yanaşı, onlara xidmət edənlərin də sosial vəziyyətini yaxşılaşdırır və onların həyata olan ümidlərini artırır. Heydər Əliyev kimi böyük şəxsiyyətin adına göstərilən bu humanist aksiya müəssisəmizdə böyük rəğbətlə qarşılanır. İran və Azərbaycan ortaq dini, milli-mənəvi dəyərlərə malik olan dost və qardaş dövlətlərdir. Bu dostluğun əsası da Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən qoyulub. O, Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafından çox sevindiyini deyib. Bildirib ki, Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın xeyirxah fəaliyyəti barədə çox eşidib. Azərbaycanın İrandakı səfirliyinin ehtiyacı olan insanların sevinməsinə səbəb olan belə xeyirxah təşəbbüsü də Heydər Əliyevin humanizm və insanpərvərlik ideyasından qaynaqlanır.

Müəssisənin rəhbəri vurğulayıb ki, bu gün burada yaşayanların və işləyənlərin sevinməsi Heydər Əliyevin ruhunu şad edir.

Sonda müəssisə rəhbərliyinin arzusuna uyğun olaraq burada yaşayan qızların müalicəsi üçün nəzərdə tutulan maddi yardım təqdim edilib.

Səfir Bünyad Hüseynov, səfirliyin əməkdaşları və ailə üzvləri müəssisədəki uşaqlara baş çəkib, onlarla söhbət ediblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.