Azərbaycanın İsraildəki səfiri feyk xəbərləri təkzib edib
AzerTAg.az

Bakı, 10 mart, AZƏRTAC
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “The Jerusalem Post” qəzetinə müsahibəsində bəzi mətbuat orqanlarında yayılan feyk xəbərləri təkzib edib.
AZƏRTAC xəbər verir ki, “Haaretz” nəşrinə istinadla bəzi saytların İsrailin guya İrana hücum məqsədilə Azərbaycan ərazisindən istifadə edəcəyi barədə ötən həftə yayılan məlumatın tamamilə yalan olduğunu vurğulayan diplomat deyib: “Azərbaycan başlanğıcdan başqa dövlətlərin daxili işlərinə qarışmayacağını bəyan edib və öz ərazisindən digər ölkələrə qarşı istifadə edilməsinə icazə verməyəcək. Biz bütün dövlətlərdən də daxili işlərimizə müdaxilə etməməyi tələb edirik”.
Azərbaycanın İsraildən silah alması ilə bağlı suala da cavab verən səfir vurğulayıb ki, bu xəbərlərlə bağlı yaranmış ajiotaj da anlaşılan deyil. “Hər bir ölkə özünün ərazi bütövlüyü və suverenliyini qorumalıdır. Bu məsələdə Azərbaycan da istisna deyil” –deyə diplomat əlavə edib.
Səfir M.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti sayəsində qazanılmış Qələbədən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işləri davam edir. Bu işlərə artıq 3 milyard dollar vəsait ayrılıb və bu il də 1,5 milyard dollar xərclənəcək. Lakin quruculuq işlərinin önündə başlıca əngəl ermənilərin basdırdığı minalardır. İndiyədək 69 min 441 hektar ərazi minalardan təmizlənib. Təəssüf ki, Ermənistan həmin ərazilərin xəritələrini təqdim etməkdən imtina edir və xəritələrini təqdim etməkdən boyun qaçırır.
Laçın-Xankəndi yolunda ekofəalların aksiyası ilə bağlı sualı cavablandıran səfir bildirib ki, ermənilərin bununla bağlı yaydığı xəbərlər tamamilə yalandır. Yol dinc sakinlər və avtomobillər üçün açıqdır. O, Ermənistanı Qarabağ ərazisinə silah-sursat daşımaqda ittiham edib. Azərbaycanın rəsmi rəqəmlərinə görə, 12 dekabr 2022-ci il - 26 fevral 2023-cü il tarixləri arasında Xankəndi-Laçın yolu ilə hər iki istiqamətdə 3126 müxtəlif nəqliyyat vasitəsi, o cümlədən Rusiya Federasiyası sülhməramlı kontingentinə məxsus 2734 avtomobil keçib.
Xəbərin mətnində orfoqrafik səhv var