SİYASƏT
Azərbaycanın İsveçdəki səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başa çatıb
Stokholm, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumla əlaqədar ölkəmizin İsveçdəki səfirliyində yaradılan seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə 21.00) başa çatıb.
17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində olan məntəqədə İsveçdə, Norveçdə və Finlandiyada yaşayan Azərbaycan vətəndaşları səs veriblər. Referendum yüksək seçici fəallığı ilə başa çatıb.
Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb. Səsvermə bitdikdən sonra müşahidəçilərin iştirakı ilə komissiya üzvləri tərəfindən qutular açılıb, bülletenlər hesablanıb və müvafiq qaydada protokollaşdırılıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm