SİYASƏT


Azərbaycanın İtaliyadakı səfiri erməni yalanlarını ifşa edib

Roma, 26 aprel, AZƏRTAC

İtaliyanın kütləvi informasiya vasitələrində bu ölkədəki səfirimiz Məmməd Əhmədzadənin erməni tərəfinin Azərbaycana qarşı apardığı təxribatçı kampaniyaya - guya Azərbaycanda erməni müharibə əsirlərinin saxlanılması və onlarla pis rəftar olunması, işğaldan azad olunmuş ərazilərimizdə erməni xristian irsinin məhv edilməsi, Bakıda Hərbi Qənimətlər Parkı ilə bağlı cəfəng iddialarına qarşı çoxsaylı müsahibə və yazıları dərc olunub.

AZƏRTAC xəbər verir ki, İtaliyanın “ByoBlu” televiziya kanalının “ByoBlu24” xəbərlər buraxılışında Ermənistanın İtaliyadakı səfirinin Azərbaycana qarşı yalan iddialarına cavab olaraq səfir Məmməd Əhmədzadə həmin proqramda çıxış edib.

İtaliyanın nüfuzlu “La Verità” və “Avvenire” qəzetlərində erməni mənşəli italyan yazıçısı Antonia Arslanın təşəbbüsü ilə bir qrup erməni və italyan mənşəli şəxsin Azərbaycana qarşı təxribatçı yazılarına münasibətdə diplomatımızın həmin qəzetlərin redaksiyalarına ünvanlandığı məktublar dərc olunub.

“Aci Stampa” nəşrində dərc olunan, münaqişə və hərbi əməliyyatlardan sonrakı vəziyyətlə bağlı erməni tərəfinin iddialarına əsaslanan məqaləyə cavab olaraq M.Əhmədzadənin həmin mətbuat orqanına göndərdiyi məktubu da işıq üzü görüb.

Ermənistanın İtaliyadakı səfirliyinin bu ölkənin “ANSA” xəbərlər agentliyində dərc olunmuş mətbuat açıqlamasına münasibətdə səfir Məmməd Əhmədzadənin həmin qurumun redaksiyasına göndərdiyi məktubu da dərc edilib. Bununla yanaşı, Azərbaycanlı diplomatın “ANSA” tərəfindən dərc olunmuş məktubu İtaliyanın “La Gazzetta del Mezzogiorno”, “Notizie Tiscali”, “Espansione Tv”, “MSN Notizie” və digər mətbuat orqanları tərəfindən yayılıb.

Habelə İtaliyanın nüfuzlu “İl Foglio” qəzetində ermənipərəst jurnalistin ölkəmizə qarşı məqaləsinə münasibətdə səfirin həmin qəzetin redaksiyasına ünvanlandığı məktub da dərc edilib.

Müsahibə və yazılarında diplomat Ermənistanın Azərbaycana qarşı 30 il həyata keçirdiyi hərbi təcavüz, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti, istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi müharibə cinayətləri və soyqırımı, işğal vaxtı həmin ərazilərdəki yaşayış məntəqələrimizi, ölkəmizin tarixi, mədəni, dini irsini darmadağın etdiyi barədə danışıb.

M.Əhmədzadə erməni tərəfinin hazırda Azərbaycana qarşı irəli sürdüyü erməni müharibə əsirləri və bölgədəki erməni xristian irsinin dağıdılması ilə bağlı yalan iddialarına, Bakıda Hərbi Qənimətlər Parkı ilə bağlı qarayaxma kampaniyasına tutarlı arqumentlərlə cavab verib. Diplomat, habelə ölkəmizin bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımlar barədə məlumat verib, erməni tərəfinin Azərbaycana qarşı revanşist və nifrət dolu fikirlər irəli sürməsi, üçtərəfli Bəyanatın şərtlərini pozaraq Azərbaycan ərazisinə hərbçilər göndərməsi, minalanmış ərazilərin xəritələrini təhvil verməkdən boyun qaçırması, bunun azərbaycanlı mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olması və bütün bunların bölgədə sülhün təminatına ciddi təhdid törətməsi barədə danışıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.