SİYASƏT
Azərbaycanın İtaliyadakı səfirliyində Anım Günü qeyd edilib VİDEO
Roma, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyində 27 Sentyabr - Anım Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, səfirlik əməkdaşları və Azərbaycan icmasının üzvləri əvvəlcə səfirliyin binasının qarşısındakı xatirə lövhəsinin önünə gül dəstələri düzüblər. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları və hərbi təxribatları və Vətən müharibəsinə gətirib çıxaran digər səbəblər haqqında məlumat verib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük müharibədə torpaqlarımızı işğaldan azad etdiyini deyib. Qeyd edib ki, Azərbaycan xalqı Qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcludur və ölkəmizdə hər bir qazi və şəhid ailəsi dövlətin diqqət mərkəzindədir.
Səfir Prezident İlham Əliyevin Sərəncamı ilə 27 sentyabrın Anım Günü elan edildiyini və bu gün istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qurbanı olmuş və Vətən torpaqlarının işğaldan azad edilməsi yolunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsinin böyük ehtiramla anıldığını vurğulayıb.
Daha sonra tədbir iştirakçıları səfirliyin binasının həyətində “Xarıbülbül” beynəlxalq incəsənət festivalının qaliblərinin müəllifi olduqları, torpaqlarımızın işğaldan azad olunmasının rəmzi olan “Xarıbülbül”ün maketlərinə baxıblar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma