MƏDƏNİYYƏT
Azərbaycanın Kanndakı kino pavilyonunda pitçinq və film istehsalı barədə müzakirə aparılıb
Bakı, 19 may, AZƏRTAC
Azərbaycanın Kanndakı kino pavilyonunda Almaniyanın “Cottbus” Beynəlxalq Film Festivalının direktoru Bernd Buder ilə görüş keçirilib.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, görüşdə son illərdə geniş yayılan pitçinq (kino layihələrinin təqdimatı və müdafiəsi) və layihə üçün xarici vəsaitlərin cəlb olunması barədə müzakirə aparılıb. Prodüser və rejissorların öz layihələrini beynəlxalq festivallar çərçivəsində təşkil olunan pitçinqlərdə düzgün təqdimatlarının keçirilməsinin vacibliyi vurğulanıb. Bu məqsədlə “Cottbus” Beynəlxalq Film Festivalının rəhbəri ilə təcrübəli mütəxəssislər tərəfindən Azərbaycanda ustad dərslərin keçirilməsi haqqında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, son illərdə “Cottbus” Beynəlxalq Film Festivalında Azərbaycan istehsalı olan “4.1 Şəhər motivləri”, “Axınla aşağı”, “40-cı qapı”, “Ev” və başqa filmlər uğurla nümayiş etdirilib.