SİYASƏT
Azərbaycanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının İcraiyyə Şurasının üzvü seçilməsi ölkənin artan nüfuzunun göstəricisidir
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Azərbaycanın Niderlanddakı, eyni zamanda, Kimyəvi Silahların Qadağan olunması Təşkilatındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev mənzil qərargahı Haaqada yerləşən Kimyəvi Silahların Qadağan olunması Təşkilatının baş direktoru Ahmet Üzümçü ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əvvəlcə A.Üzümçü Azərbaycanın 2017-2019-cu illər üçün Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının İcraiyyə Şurasının üzvü seçilməsi münasibətilə təbriklərini çatdırıb. O, bu hadisəni Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində artan nüfuzunun göstəricisi olduğunu qeyd edib.
Söhbət zamanı C.Mirzəyev bildirib ki, 2013-cü ildə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Nobel mükafatına layiq görülməsi bu təşkilatın dünyada sülhün və təhlükəsizliyin qorunmasına verdiyi töhfənin əyani göstəricisidir və bu işdə A.Üzümçünün rolu danılmazdır.
Görüşdə, həmçinin Yaxın Şərqdə vəziyyət və Kimyəvi Silahların Qadağan olunması Təşkilatının bu xüsusda oynadığı rol və habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı azərbaycanlı mütəxəssislərin Kimyəvi Silahların Qadağan olunması Təşkilatında təmsil olunması məsələsi ilə bağlı müvafiq addımların atılması ilə bağlı razılıq əldə olunub.